Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didər­gin düşən insanların problemləri Azərbaycan dövlətinin daim diqqətindədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənəyə uyğun olaraq möhtərəm Prezident cənab İlham Əliyev də özünün sosial siyasətində bu problemlərin həllini prioritet istiqamət kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva qaçqınlara və məcburi köçkünlərə böyük qayğı göstərir, onlarla vaxtaşırı görüşür, yaşayış şəraitləri ilə yerində tanış olur, müraciətlərini, istəklərini dinləyir və həll edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, son iki ildə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində ciddi islahatlar aparılıb. 

Dövlət Komitəsinin fəaliyyətində şəffaflığı təmin edən tədbirlər görülüb, məcburi köçkünlərin uçot və qeydiyyatı dürüstləşdirilərək elektronlaşdırılıb, vətəndaşlara elektron xidmətlərin göstərilməsinə başlanılıb. Vətən­daşların qəbulunda və müraciətlərinə baxılmasında yeni, mütərəqqi qaydalar tətbiq olunur. Koronavirus pandemiyası dövründə komitə sədri, onun müavinləri hər həftə vətəndaşların videoqəbulunu keçirirlər. Komitənin aparat rəhbərinin hər gün audio-videoqəbul saatları var və xüsusən, vətəndaşların köçü­rülmə məsələləri ilə balı müraciətlərinə operativ şəkildə baxılır.

Təəssüf ki, bəzi internet-media resurslarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı böhtan və qarayaxma kampaniyası aparılır. Bu zaman uzun illərdir doğma yurdundan didərgin düşən, mənzil-məişət problemi ilə üzləşən və yaxud əsassız şəkildə özü üçün xüsusi güzəştlər tələb edən şəxslərin çıxışları ictimailəşdirilir, cəmiyyətə dəqiqləşdirilməmiş, yanlış məlumatlar ötürülür, Dövlət Komitəsinin ünvanına ittihamlar irəli sürülür.

Məsələn, Ağdam rayonundan məcburi köçkün olduğunu bildirərək, xüsusi təyinatlı dövlət yaşayış fondundan ona mənzil verilməsini tələb edən Paşayeva Səfayə Salman qızının son vaxtlar müxtəlif internet-media resurslarında yayımlanan və sosial şəbəkələrdə müzakirə olunan çıxışlarını götürək. Bu da qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasətini gözdən salmağa, cəmiyyətdə çaşqınlıq yaratmağa yönələn növbəti cəhdlərdəndir.

S.S.Paşayevanın çıxışlarındakı faktar və xüsusatlarla əlaqədar Dövlət Komitəsində araşdırma aparılıb. Məlum olub ki, hazırda Bakı şəhərinin Sabunçu rayonundakı məktəblərdən birində müəllim işləyən Səfayə xanım Ağdam rayonununun işğal altındakı Novruzlu kəndində anadan olub və həmin kənddə pasport qeydiyyatındadır. Bununla belə, yerli icra hakimiyyəti orqanının təqdim etdiyi arayışda bildirilir ki, o, işğaldan xeyli əvvəl ali məktəbə qəbul edilməsi ilə əlaqədar tərk etdiyi Novruzlu kəndinə bir daha qayıtmayıb. Ağdam rayonunun hazırda işğalda olmayan Xındırıstan inzibati ərazisinə aid Kəlbahüseynli kəndində yaşayan şəxslə 1986-cı ildə ailə həyatı qurub, həmin nikahdan 1987-ci il təvəllüdlü bir oğlu var. Oğlu – Əliyev Rəvan Rizvan oğlunun 2004-cü ildə aldığı şəxsiyyət vəsiqəsində doğum yeri Kəlbahüseynli kəndi, yaşayış yeri Novruzlu kəndi göstərilib. Rəsmi sənədələrə əsasən, S.S.Paşayeva həyat yoldaşından 1995-ci ildə ayrılıb. Bütün bunlar ona və oğluna məcburi köçkün statusunun və həmin statusu təsdiq edən vəsiqənin, həmçinin hər ikisinə vahid aylıq müavinətin verilməsinin mövcud qaydalara uyğun olmadığına şübhə yaradır. Hazırda bu məsələ araşdırılır. Görünür, S.S.Paşayevanın ondan əlavə sənədlər tələb ediləcəyi barədə narahatlığı səbəbsiz deyildir.

Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan yaşayış sahəsi – mənzil verilməsi ilə bağlı 27 ildir dövlət orqanlarına müraciət etməsi barədə S.S.Paşayevanın dediklərinə gəldikdə isə onun yalnız bu ilin iyun və iyul aylarında ali dövlət hakimiyyəti orqanına müraciətləri müvafiq dərkənarla Komitəyə göndərilib və həmin məktublara da mövcud qanunvericiliyə uyğun cavablar verilib. Bundan başqa, S.S.Paşayevanı Komitə sədri həm şəxsən, həm də videoqəbul formatında qəbul edib, onun müraciətini dinləyib və cavablandırıb. Ona izah edilib ki, məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” əsasında aparılır. Hazırkı mərhələdə S.S.Paşayevanın yeni yaşayış sahəsinə köçürülməsi nəzərdə tutulmur və onun kimi fərdi qaydada müxtəlif yerlərdə - başqa vətəndaşlara məxsus mənzillərdə, qohum evində, kirayədə müvəqqəti məskunlaşan məcburi köçkünlər növbəti mərhələlərdə yeni yaşayış sahəsinə köçürülə bilərlər.

S.S.Paşayevanın Kürdəxanıda məcburi köçkünlər üçün salınmış məhəllədə mənzil kirayəyə götürməsi və müəyyən müddətdə orada yaşaması faktı da araşdırılıb. Məlum olub ki, onun kirayə götürdüyünü iddia etdiyi mənzil Komitə tərəfindən, qanuni əsaslarla, xidməti məqsədlər üçün ayrılıb. Həmin yaşayış məhəlləsində məcburi köçkün olan polis işçilərinə mənzillər də qanuni əsaslarla verilib.

S.S.Paşayevaya və onun çıxışlarını ictimailəşdirənlərə məcburi köçkünlər üçün salınmış qəsəbələrdə mənzillərin guya satılması barədə məlumatları hüquq-mühafizə orqanlarına təqdim etməyi tövsiyə edirik.

Onu da bildirək ki, hazırda Dövlət Komitəsi məcburi köçkünlərin kirayə müqaviləsinin şərtlərinə necə əməl etməsinin monitorinqini aparır. İstifadəsinə verilmiş yaşayış sahəsində faktiki yaşamayan, yaxud mənzili başqasına verən məcburi köçkün ailələri barədə qanunvericilikdə nəzərdə tutulan hüquqi tədbirlər həyata keçirilir.

Ölkə rəhbərliyinin tapşırığına və mövcud qanunvericiliyə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vətəndaşların müraciətlərinə diqqət göstərir. Fiziki təmasın məhdudlaşdırıldığı indiki pandemiya şəraitində vətəndaşların virtual qəbulu müntəzəm xarakter daşıyır, zəruri hallarda isə Komitənin rəhbərliyi müvafiq sanitar-epidemioloji təhlükəsizlik qaydaları gözlənilməklə vətəndaşları fərdi qaydada qəbul edir, müraciətlərinə baxır.

Dövlət Komitəsi qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində düzgün və qərəzsiz ictimai nəzarətin mövcudluğuna tərəfdardır, bu məsələdə səriştəli təşkilatlarla, peşəkar media ilə əməkdaşlıq etməyə daim hazırdır.