Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri Mehdiabad, Fatamayi, Novxanı, Məhəmmədi, Digah və Görədil kənd və qəsəbələrində davam etdirilib.
Unikal.org xəbər verir ki, rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb. Satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb.
Kafe və restoranlarda karantin rejiminin tələblərinə riayət olunması üçün sözügedən obyektlərə də baxış keçirilib. Aparılan monitorinqlər zamanı əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub.