Kremldən növbəti təhlükə
13:27 18-12-2012
İQTİSADİYYAT
Kremldən növbəti təhlükə
Cənubi Qafqazda "Xristian konfransı" yaradılır
Putinin emissarı dini liderləri rus, gürcü və ermənilərin birləşəcəyi Kilsələrarası Şuranı formalaşdırmağa çağırıb
Rusiya Federasiyası İctimai Palatasının üzvü, hüquq elmləri namizədi Denis Dvornikov Rusiya, Gürcüstan və Ermənistan dini liderləri olan Kiril, İlya və II Qareginə müraciət edərək, onları Qafqaz xrisitan xalqlarının xüsusi konfransını yaratmağa çağırıb. Modern.az bildirir ki, D.Dvornikovun təklifinə görə, "Xrisitan konfransı" daimi fəaliyyətdə olacaq Kilsələrarası Şura kimi fəaliyyət göstərəcək. Şuranın məqsədi xristian xalqaları arasında ruhi, dini, maarifçi və humanitar mübadilənin aparılmasına kömək etməlidir.
"Qafqazın xristianlıq qardaşlığı"
"Belə Şuranın yaranmasının məqsədi Qafqazda unikal "xrisitan oxu"nun saxlanmasıdır. Bu, xristian ənənələrinin və mənəviyyatının mövcudluğu və mühafizəsi üçün zəruridir. Məhz bizim ümumi tarixi irsimizin möhkəmliyi və mühafizəsi digər dini konfessiyalar arasında sülhün qarantıdır"-deyə o müraciətində vurğulayıb.
Dvornikovun sözlərinə görə, belə bir təkliflə çıxış etməyə onu Rusiya, Gürcüstan və Ermənistan sərhədlərinə yaxın olan Mərkəzi Asiyadakı, Yaxın Şərqdəki hazırkı təhlükəli beynəlxalq vəziyyət vadar edib.
"Bu təhlükələr bizi Qafqazın xristianlıq qardaşlığının mənəvi və sivil simfoniyasının müdafiəsi ətrafında düşünməyə vadar edir. Rusiya, Gürcüstan və Ermənistanı təkcə çoxəsrlik tarix yox, hər şeydən əvvəl həzrəti İsanın adı bağlayır"-deyə Dvornikov bildirib.
İP-in üzvü qeyd edib ki, bu şuranın qurulması üçün öz dəstəyini verənlər kifayət qədər olacaq: "Əminəm ki, ölkələrimizin çoxlu sayda insanları Qafqazın Xristian Xalqları Konfransı haqqında konsepsiyanın hazırlanması üçün işləməyə hazırdır".
"Qafqazda və onun ətrafında qaçılmaz sarsıntılar və qeyri-müəyyənlik baş qaldırıb"
D.Dvornikov öz qəribə təklifinə haqq qazandırmaq üçün Yaxın Şərqdə baş verən prosesləri nümunə gətirib. "Bu gün Qafqaz regionunda və onun ətrafında yeni təhlükələr, qaçılmaz sarsıntılar və qeyri-müəyyənlik baş qaldırmaqdadır. Bu təhlükə təkcə mümkün münaqişələr deyil, həmçinin ruhi boşluq, müasir dünyada başlanan mənəvi böhran, Qafqazı xristian torpağı kimi gələcək nəsillərə ötürəcək kilsənin dəyərlər sistemindəki problemlərdir"-deyə hüquqşünas vurğulayıb.
Qeyd edək ki, hüquq elmləri namizədi Denis Dvornikov beynəlxaq hüquq üzrə mütəxəssisdir. O, Rusiyanın Xalqlar Dostluğu Universitetini bitirib. Dvornikov məhkəmə islahatları, məhkəmələrin şəffaflığı, seçki hüququ və seçkilər üzrə beynəlxalq müşahidəçi kimi ixtisaslaşıb.
Rusiya İctimai Palatası çərçivəsində 40-dən artıq müxtəlif tədbirlər, beynəlxalq forumlar və konfranslar təşkil edib. Moskva şəhər Məhkəməsinin hakimlər komissiyasının üzvü, Rusiyanın Baş İstintaq Komitəsi İstintaq İdarəsinin İctimai Şurasının üzvüdür.
İnanclı bir xristianın göz yaşları, yoxsa Kremlin yeni oyunu?
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə 2005-ci ildə yaradılmış İctimai Palata dövlət başçsının müəyyənləşdirdiyi 42 nəfərlə formalaşır.
Müraciət kifayət qədər provokasiyalıdır və "Qafqaz torpaqlarında xristian ənənələri" barədə yeni "bayatı" təhlükəli planlardan xəbər verir. Çoxsaylı müsəlmanların yaşadğı bu bölgədə "xristian kartının" belə açıq şəkildə qabardılmasının istr-istəməz qıcıq faktoru kimi çıxış edəcəyi gün kimi aydındır.
İctimai Palata üzvünün bu çağırışını sadəlövh, inanclı bir xristianın "göz yaşları" kimi saymaq ən azından riyakarlıq olardı. Nəzərə alsaq ki, bu "kinder hüquqşünas" Rusiya kimi sərt avtoritar ölkədə prezident Putinin müəyyən etdiyi şəxslərdən biridir, o zaman oyun kartlarının ilkin cizgilərini sezmək mümkündür. Bu çağırışın siyasi mesajı özündə bir sıra gizli məqamları açıqlayır. Kreml Qafqazda "sona qədər vuruşacağını" bəyan etməklə yanaşı, lazım gələrsə din faktorundan istifadə etməkdən çəkinməyəcəyinə işarə edir.
Xaqani SƏFƏROĞLU
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00