Hansı ölkədə dünyanın sonu artıq çatıb?
13:28 18-12-2012
İQTİSADİYYAT
Hansı ölkədə dünyanın sonu artıq çatıb?
Orada 21 dekabrdan qorxmurlar, çünki bu sonun nə olduğunu çoxdan bilirlər
Bəşər xəlq olandan bəri insan övladı ən müxtəlif xoflar, qarabasmalar, yalanlar, mənasız ehtimallara inanıb. Onların arasında dənizlərin sonunda dünyanın axırının olacağına şübhə etməyən monqolların hücumları, Babilistan hökmdarı Hammurapinin günlərin birində səmalara dirək verən ağacları tapacağına şübhə etməməsi, Şimal qütbündəki Hiperboreyada əbədi həyat sirrinin olması və sair var.
Belə mənasız, əsassız ehtimal və xoflardan biri də, bəlli, qədim mayya təqviminə görə 2012-ci ilin dekabrın 21-də dünyanın sonunun çatacağı ilə bağlı açıqlamalardır. Təbii ki, belə iddialar yalandır və bütün səmavi dinlərin buyurduğu həqiqətlər təki, elmə və məntiqə də ziddir.
Fəqət, bu fani dünyada bir ölkə var ki, oranın insanlarının dünyanın sonundan əsla qorxusu yoxdur. Çünki onlar illərdən bəri qiyamət və son gün durumunda yaşayırlar.
Söhbət Ermənistandan gedir.
Ermənistandakı daxili siyasi proseslər ölkə müstəqillik qazanandan bəri belə eybəcər və marazmatik səviyyədə olmamışdı. 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlığa başlamış iqtidarla müxalifətin qarşıdurması ötən illərin seçkilərində olduğu kimi, bu dəfə də virtual proseslər təsiri bağışlayır. Halbuki siyasi baxımdan sırf xronoloji bu olay ölkə üçün çox böyük əhəmiyyət kəsb edir.
1992-cı ildən bəri yaşanan və hakim sistemi kimi bərkiyərək daşlaşan siyasi münasibətlər toplusu indi ermənilərin mədəniyyəti və düşüncəsi üçün ən böyük təhlükəyə çevrilib, "elita" ilə yanaşı, adi adamların da davranışlarını müəyyənləşdirir. Bütün bunların nəticəsində Ermənistanda hakimiyyəti qəsb edən və hər seçkiləri saxtalaşdıraraq iqtidarda qalan, ölkəni idarə etmək əvəzinə dövləti zorlayan, məkanın potensialını göyə sovuran insanlar dəstəsi hadisələrin yaşanma müstəvisini formalaşdırır.
Ermənistan boşalır, əyalətlərdən insanlar və biznes Yerevana qaçır, hər il ölkəni 100 mindən artıq insan tərk edərək mühacirət edir. Son 20 ildə Ermənistandan 1 milyondan artıq insan gedib və mühacir axını hələ də davam edir.
Ölkə iqtisadiyyatı cəmi bir neçə ailəyə məxsusdur və istisnasız olaraq bütün şirkətlər, bütün biznes və kommersiya fəaliyyəti hakimiyyətdəki dəstənin tam nəzarətindədir. Biznes fəaliyyəti ilə məşğul olmaq istəyən, süni inhisarların hələlik nəzarətində olmayan insanlar isə təqiblərə, hədələrə, ədalətsiz rəqabətə məruz qalırlar.
Yoxsulların sayı sürətlə artır, ölkədə doğulanların sayı ölənlərin sayından xeyli azdır və bu səbəbdən də ağır demoqrafik situasiya yaranıb. Əhalinin sosial səhhəti pisləşir, yaşam şərtləri gün keçdikcə daha da çətinləşir. Ermənistanda gənc ailələr arasında yoxsulluq səviyyəsi ən yüksək həddə çatıb. Nisbətən "normal" sayıla biləcək ailələrin çoxu isə ağır maliyyə-iqtisadi vəziyyət ucbatından bir övladla kifayətlənir.
Ermənilərin kiçik və böyük, strateji və iqtisadi səhvlərini, problemlərini, sıxıntı və müşküllərini çox sadalamaq olar. Amma buna nə hacət: hər şey onsuz da göz qabağındadır.
Belə vəziyyətdə Ermənistanda hakim sistemə qarşı real, ümumxalq müqaviməti olmalı, siyasi mübarizə aparılmalı, cəmiyyətə ünvanlanmış təkliflər və mübarizə variantları səslənməli, seçiciləri aktivləşdirmək üçün ideya və mexanizmlər gündəmə gətirilməli idi. Müxalifətdəki partiyalar və təşkilatlar prezident Serj Sarkisyan iqtidarından narazı insanları səfərbər edərək onları bir araya gətirməli, ümummilli etiraz aksiyalarına sövq etməli, sistemi məğlubiyyətə, iqtidardakı dəstəni isə hakimiyyətdən getməyə sövq etməli idi.
Fəqət bütün bunların əvəzinə Ermənistandakı müxalifət cəmiyyəti yalançı pafosla yemləməyə cəhd göstərir. Məsələn, 60 müxalifətçi bəlağətli açıqlamalar verərək deyir ki, onlar hansısa etiraz aksiyasının müraciəti üçün 40 imza toplayıblar və bu, "böyük uğur, Sarkisyann hakimyyətinə ciddi zərbədir".
Ermənistandakı müxalifət mitinq, piketlər və yürüşlər keçirir, hakimiyyətə tələblərini ünvanlayır, müzakirələr tələb edir: iqtidar isə bütün bunları bir qərarla dezavuasiya edir, bəhs olunan məsələnin həllini uzun müddətə təxirə salır. Və yaxud müxalifət düşərgəsində ayrı-ayrı partiyalar arasında kiçik alverlər, sövdələşmələr, didişmələr və dilətutmalar "böyük siyasi məsləhətləşmələr" kimi qələmə verilir.
İyrənclik o həddə çatıb ki, illərdən bəri hakimiyyətin ən etibarlı və güclü dayaqlarından biri olan "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyan "erməni müxalifətinin dayaqlarından biri" kimi göstərilməyə başlayıb. Belə süni, boş, daxilən puç olan trafaret proses yalnız 20 illik qəddar və quldur hakimiyyət sistemi üçün sərfəli olduğundan, vətəndaşlar haqlı olaraq nə hakimiyyətə, nə də müxalifətə inanmırlar. Onlar real siyasət, gerçək proseslər, yalanlar əvəzinə konkret iş istəyirlər. Lakin almırlar, ala da bilməzlər.
2012-ci ildə dünyanın sonunu gözləyənlərin hamısından fərqli olaraq, ermənilər üçün o son çoxdan çatıb. Doğrudur, Ermənistan adlı dövlət var, orada insanlar yaşayırlar, sərhədlər və qoşun, polis və məhkəmələr, əkinçilər və alimlər də mövcuddur. İlk baxışdan həyat normal məcradadır, insanlar da günlərini keçirirlər. Siyasətçilər və dövlət adamları danışır, parlamentarlar qanun layihələrini müzakirə edir, diplomatlar görüşlər keçirir, iqtidarla müxalifət həmişəki münasibətlərini davam etdirir, pullular əyləncə, yoxsullar yemək axtarırlar. Adi həyat, adi dövlət, adi adamlar və adi problemlər. Sadəcə, ilk baxışdan.
Ermənistandakı hadisələrə bir qədər diqqətlə nəzər salanda isə məlum olur ki, bəşər övladı xəlq olunandan az sonra onun xəyallarında yer tutub beyninə kök salan, sonra səmavi dinlərdə təkrarlanan "dünyanın sonu, həyatın sahili" adlı vəziyyət qonşu ölkədə yaşanmaqdadır. Dünyanın sonunun klassik təyinini xatırlayaq. Şəhərlər dağılır, evlər yerlə bir olur, insanlar qırılır, sağ qalanlar bihudə və yaralı şəkildə xarabalıqlar arasında dolaşır, günahkarlar cəhənnəmə düşür, möminlər isə paylarını alırlar. Dünya məhv olur ki, tam yenidən, başdan yaransın.
Ermənistanın sonu da Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri yaşanır. Postsovet məkanındakı bütün dövlətlərdən fərqli olaraq, qonşu ölkədə iqtisadiyyat, siyasət və cəmiyyətdə irəliləyişlər əvəzinə tənəzzül yaşanır, deqradasiya bütün sahələrə təsir edir. Həmin proses əsla dayanmayaraq sürətləndiyindən Ermənistanda dövlətçiliyin əsasları yaranmadan məhv olub. Evlər dağılır və bunu dövlət qurumlarının rəsmi açıqlamaları da təsdiqləyir. Ermənistan Milli Statistika Xidmətinin son açıqlamalarından birində vurğulanır ki, hazırda ölkədəki mənzil fondunun 64 faizi yaşayışa yararlı vəziyyətdə deyil.
Yəni mənzillər orada məskunlaşmış insanların həyatı üçün real təhlükədir. Kapital tikinti bir yana, mənzil tikintisinin templəri çox aşağı səviyyədə olduğundan kirayədə yaşamaq və ya qanunsuz tikililər inşa edərək orada məskunlaşmaq Ermənistan üçün adi hala çevrilib.
Qonşu ölkələrdən fərqli olaraq, Ermənistanda dövlət, kooperativ və özəl inşaat sektoru 1992-ci ildəki durumdan çox az fərqlənir.
Paytaxt Yerevanda son illərdə istifadəyə verilmiş yaşayış binalarının keyfiyyəti barədə ermənilərin dedikləri isə qeyri-senzur ifadələr olduğundan, onlardan iqtibas gətirmək yersizdir.
İnşaat sektoru üç iri şirkətin, yəni prezident Serj Sarkisyanın ailəsinin kontrolundakı üç oliqarxa məxsus strukturların əlində olduğundan tikilən binaların və aparılan işlərin normativlərə uyğunluq səviyyəsinin normal təftişi də absurd tələb təsiri bağışlayır.
Təxminən 20 il əvvəl baş vermiş dağıdıcı zəlzələnin viran etdiyi binaların çoxu hələ də bərpa olunmayıb və ya onların yerlərində yeni tikililər inşa olunmayıb.
Aparılmış sorğuların nəticələrinə görə, Ermənistanda hər iki ailədən birinin mənzil şəraitinin normal hala salınmasına ehtiyacı var.
Bu, qiyamət günündəki xarabalıqlar məqamı ilə Ermənistandakı vəziyyət arasındakı oxşarlıq.
Yaralılara gəldikdə isə - Ermənistanda sağlam insanların sayı sürətlə azalır. Səhiyyə sisteminin tənəzzülə uğraması, bu sahədəki savadsızlıq, yerlibazlıq, korrupsiya və rüşvətxorluq, dövlət büdcəsindən ayrılan vəsaitlərin total şəkildə mənimsənilməsi nəticəsində erməni səhiyyəsinə üz tutan yerli vətəndaşlar böyük riskə getdiklərini anlayırlar. Hərbi hospitallarda belə, yaralanmış hərbçilərin cərrahiyyə əməliyyatları nadir halda pulsuz keçirilir, zəruri farmasevtik preparatlar və müalicə vasitələrinin hamısı üçün ödəniş tələb olunur.
Cərrahiyyə masasında ölənlərin sayı ilin əvvəlindən bəri 83 nəfər olub ki, bu da adambaşına düşən "cərrah qurbanları" baxımından postsovet ölkələri arasında "qara rekord" sayıla bilər.
Talassemiya və leykemiya xəstəsi olan uşaqlarınn müalicəsi üçün mərkəzin tikintisinə ayrılmış pullar Yerevanda Səhiyyə Nazirliyinin iki məmurunun malikanələrinin tikintisinə, xəstəxanaların təmiri üçün nəzərdə tutulan pullar çoxsaylı dövlət "mənsub"larının hesablarına axıbsa - hansı səhiyyədən necə danışmaq olar?
Günahkarlar Ermənistanda cəhənnəmə düşüblər, çünki bu ölkədə yaşayanların əksəriyyəti yaşamlarını cəhənnəm adlandırırlar. Möminlərə gəldikdə isə, onlar ölkəni çoxdan tərk ediblər. Yerdə qalanlar ya imkan gözləyənlər, ya da yaşadıqları şəraitlə naçar qalıb barışanlardır.
Dünyanın sonundan ermənilər qorxmurlar. Çünki onlar bu sonun nə olduğunu çoxdan bilirlər...
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48