Bəşər Əsədin "belini qırmaq" üçün yeni həmlə
03:42 31-03-2012
DÜNYA
Bəşər Əsədin "belini qırmaq" üçün yeni həmlə
Britaniya Suriya müxalifət qruplarına yardımı ikiqat artırdı, diktatorun iki polkovniki öldürüldü
Böyük Britaniya Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına və müxalifət qruplarına qeyri-hərbi yardımı iki dəfə artırmağa qərar verib. Bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bəyan edib.
Onun sözlərinə görə, həm Suriya daxilində, həm də Suriya xaricində suriyalı müxalifət qruplarına əlavə 500 min funt sterlinq yardım ediləcək. Suriya müxalifətlərinə əlavə yardıma gənc fəallara və mülki jurnalistlərə təlim keçilməsi, onlara öz məqalələrinin Suriyadan kənara çıxmasına kömək edilməsi və etirazların koordinasiyasını daha təhlükəsiz etmək üçün təhlükəsiz telefonlarla təmin edilməsi daxil olacaq. Suriyada vətəndaş cəmiyyəti qruplarına həmçinin gələcəkdə mümkün məhkəmə prosesləri üçün vəhşiliklərə dair dəlil-sübut toplamaqda yardım ediləcək.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib ki, Suriya prezidenti Bəşər Əsəd siyasi çıxış yoluna dair heç bir ümidinin qalmadığını qəbul etməlidir. O, Əsəd rejiminin zorakılığı davam etdirməsinin mənəvi cəhətdən yolverilməz və əsassız olduğuna dair xəbərdarlıq edib. Uilyam Heyq həmçinin aprelin 1-də İstanbulda keçiriləcək "Suriyanın dostları" konfransında Əsəd rejiminə təzyiqi artıran yeni tədbirlərin qəbul ediləcəyinə və Kofi Annanın diplomatik missiyasının dəstəklənəcəyinə ümid etdiyini deyib.
Bu arada məlum olub ki, Suriyada təhlükəsizlik qüvvələrinin dinc sakinlərə qarşı əməliyyatları nəticəsində srağagün daha 22 nəfər ölüb. Dəraa, Homs, Hələb, Hama, Dəməşq və İdlib şəhərlərində küçələrə çıxan müxalifət tərəfdarlarına qarşı zorakılığı əks etdirən yeni həvəskar kadrlar yayılıb.
Kadrlarda Suriya ordusuna məxsus tanklardan şəhərlərin atəşə tutulduğu, hərbi helikopterlərdən bombalandığı görülür. Həm müxalifət tərəfdarları, həm də Suriya ordusunun əsgərlərinin mobil telefonla çəkdikləri və sosial şəbəkələrdə yayılan həvəskar görüntülərdə Dəraa şəhərinə tankların daxil olduğunu görmək mümkündür. Dəraada bazar və yaşayış evləri tanklardan artilleriya atəşi və aviazərbələr nəticəsində xarabalığa çevrilib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Suriyada 1 ildir davam edən iğtişaşlar zamanı 9000-dən çox dinc sakinin öldüyünü bəyan edib.
Suriya ilə bağlı dünən yayılan başqa bir ilginc məlumatda isə deyilir ki, BMT Suriyada monitorinq missiyası üçün plan hazırlayır. Anonim Qərb diplomatlarından "Reuters" agentliyinə sızan ən son xəbərə görə, BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti Suriyaya qeyri-hərbi sülhməramlı müşahidəçilərin səfərbər olunması üçün yaxın günlərdə Dəməşqə yollanacaq.
Anonim mənbə qeyd edir ki, BMT monitorinq missiyasının planlaşdırılması təşkilatın gündəmində olan əsas məsələdir.
BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamentinin mətbuat katibi xəbərin düzgünlüyünü şərh etməyib. Anonim diplomatlardan biri nümayəndə heyətinin Suriya hökuməti ilə danışıqlar üçün yaxın günlərdə Dəməşqə təşrif buyuracağını desə də, digər mənbə heç bir dəqiq tarixin təyin olunmadığını qeyd edir.
BMT və Ərəb Liqasının müştərək sülhməramlı xüsusi nümayəndəsi Kofi Annanın ideyasından götürülən bu plana əsasən, 200 nəfərdən 250 nəfərə kimi BMT müşahidəçisinin səfərbər olunması nəzərdə tutulur. Bununla belə, plan qətnamə halına gəlməsi üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının yekdil razılığını qazanmalıdır. Rəsmi Moskva və Pekinin artıq ardıcıl iki dəfə Suriyayla bağlı qətnaməyə veto qoymasını nəzərə aldıqda, BMT sülhməramlılarının səfərbər olunması hələlik qeyri -real görünür.
Türkiyənin Suriyadakı vəziyyətə müdaxiləsi Ankaranın şəxsi seçimi deyil, onun birbaşa öhdəçiliyidir. Bunu isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə qardaş ölkənin "Anadolu" agentliyi xəbər verib.
"Türkiyə Suriyadakı vəziyyəti susaraq müşahidə edə bilməz. Bizim Suriya böhranına müdaxiləmiz labüddür", - Davudoğlu qeyd edib. Nazirin sözlərinə görə, Əsəd rejimi böyük səhvlərə yol verib və bunu Əsədi dəstəkləməkdə davam edən İran, Rusiya və Çin də etiraf edir. Davudoğlu bildirib ki, xalqın imtina etdiyi rejimi heç bir xarici qüvvə hakimiyyətdə saxlaya bilməz.
Bir az əvvəl Suriya hakimiyyəti Kofi Annanın ölkədə böhranın aradan qaldırılmasına dair təklif etdiyi planla razılaşıb. Martın 21-də BMT Təhlükəsizlik Şurası Annanın təkliflərinin "tam dəstəkləndiyi" ifadə olunan bəyanat qəbul edib.
Günün sonunda gələn məlumata görə isə Suriyada gərginlik davam edir. Müxalifətçi fəallar sosial şəbəkələr vasitəsi ilə yaydıqları məlumatda qiyamçıların Həmada bir qrup hərbçini pusquya salaraq 2 hökumət əsgərini qətlə yetirdiyini xəbər verib.
Suriya dövlət telekanalı da məlumatı təsdiqləyb. Bəşər Əsədin nəzarətindəki rəsmi medianın terrorçu adlandırdıqları qiyamçıların Hələb şəhərində 2 ordu polkovnikini öldürdüyü bildirilib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13
2024-12-23 16:44:04
2024-12-23 16:31:00
2024-12-23 15:57:00
2024-12-23 15:39:00
2024-12-23 15:21:11
2024-12-23 15:01:06
2024-12-23 15:00:00
2024-12-23 14:19:09
2024-12-23 14:11:00
2024-12-23 13:41:00