Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.
Bu barədə Unikal.org-a Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.
O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Bərdə və Ağcabədi Regional Meşə Təsərrüfatı mərkəzlərində bugünədək 35 min kubmetr həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.
N.Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edib.