Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edən abituriyent və subbakalavrlara müraciət edib.
DİM-dən Unikal.org-a bildirilib ki, qəbul qaydalarına əsasən, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisas uyğun olan ixtisasları seçə bilirlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə boş plan yeri qalarsa, subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır.
Burada eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə əvvəlcə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), bu göstərici də eyni olduğu təqdirdə attestata fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası nəzərə alınır.
Müsabiqənin nəticələri elan olunarkən DİM tərəfindən abituriyentə təqdim olunan arayışda onun ərizəsində qeyd etdiyi ixtisaslara qəbul üzrə minimal keçid balları da əksini tapır. Minimal keçid balları “Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunur. Burada hər hansı bir ixtisasa abituriyentlərlə yanaşı, subbakalavrlar da qəbul olubsa, keçid balı kimi ən aşağı göstəriciyə malik subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (balı) də qeyd olunur. Yəni yuxarıdakı qaydaya uyğun olaraq (eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınır) hər hansı bir ixtisasa ən aşağı balla qəbul olunan subbakalavrın ÜOMG-si də göstərilir.
Dünən sosial şəbəkələrdə və müəyyən xəbər saytlarında süni diqqət toplamaq üçün subbakalavrların ÜOMG-si qəbul imtahanından toplanılan bal kimi qeyd olunub və bu da bəzi ixtisaslara keçid balları ilə bağlı yanlış təəssüratın yaranmasına səbəb olur.
Bir daha qeyd edirik ki, subbakalavrlar qəbul imtahanında iştirak etmədən müsabiqəyə qoşulurlar və hər hansı bir ixtisasa subbakalavr qəbul olubsa, həmin ixtisas üzrə keçid balı kimi göstərilən bal qəbul imtahanı balı deyil, subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisidir.
Nümunə kimi bir subbakalavrın müsabiqə nəticələri haqqında arayışının fotosurətini aşağıda təqdim edirik. Subbakalavrın ÜOMG-si 81.5944 baldır və müsabiqədən keçməyib. Onun ərizəsində qeyd elədiyi 1-ci ixtisasa ən aşağı balla qəbul olan abituriyent olub və minimal keçid balı 188.5 baldır. İkinci yazdığı ixtisasa da ən aşağı balla abituriyent qəbul olub və minimal bal keçid balı 211.6 baldır. 3-cü yazılan ixtisasa isə ən sonuncu qəbul olan subbakalavrdır və ona görə də ixtisas üzrə “minimal keçid balı sətrində” həmin subbakalavrın ÜOMG-si (91.3556) göstərilib.