Əsgər ölümlərinin ilginc məqamları
12:42 21-12-2012
CƏMİYYƏT
Əsgər ölümlərinin ilginc məqamları
Cəsur Sümərinli: “Hərbi hissələrdə baş verən cinayətkar hərəkətlər ictimaiyyətdən və mətbuatdan gizlədilir”
Son aylarda Dövlət Sərhəd Xidməti (DSX) ilə bağlı mətbuatda ilginc faktlar yer almaqdadır. Həmin məlumatlara görə, DSX-da əsgərlər arasında “dedovşina” halları pik nöqtəsinə çatıb və artıq vəziyyət nəzarətdən çıxıb.
Məlumat üçün xatırladaq ki, 10 gün öncə DSX-nın hərbi hissələrindən birində əsgər bıçaqlanmışdı. Bu barədə əsgər Həsənov Sirəddin Əlif oğlunun yaxınları kifayət qədər mətbuata məlumat verib. Həmçinin məlumatlarda bildirilirdi ki, Sirəddin Həsənov həqiqi hərbi xidmətini gələn ay başa vurmalı imiş.
Ölümündən bir neçə gün öncə komandiri tərəfindən döyülən əsgər dekabrın 8-də hərbi hissə yoldaşlarından biri tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan əsgərin meyidi Mingəçevir şəhərinə gətirilərkən baş verən hadisədən şoka düsən əsəgərin yaxınları meyidi gətirən hərbicilərə hücum edib. Nəticədə Dövlər Sərhəd Xidmətinin 10 nəfərə yaxın əməkdaşı xəsarət alıb. Polis hərbçiləri vətəndaşların əlindən ala bilib.
DSX-nın Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin əsgəri 1993 təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsindən xidmətə aparılan Hacılı Orxan Asif oğlu da döş qəfəsindən bıçaqlanıb. Əsgərin hərbçi yoldaşları tərəfindən bıçaqlandığı bildirilir.
Məlumatda o da qeyd olunur ki, DSX əsgərlərinin arasında “ştıknoj” ilə vurulma artıq “dəb” halını alıb və rəhbərlik nəyin bahasına olursa-olsun bu məlumatların mətbuata çıxmasını əngəlləyir. Daha dəqiqi DSX rəisi Elçin Quliyev onsuz da korlanmış reputasiyasını bir qədər də pis duruma düşməməsini çalışır.
Məlumatlarda bildirilir ki, Elçin Quliyevin kadrı sayılan Arzu Rəhimovun yarıtmaz fəaliyyəti onu pis vəziyyətdə qoyub. Məsələ burasındadır ki, son dönəmlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsgərliyə aparılan gənc əsgərlərin xəstəlikdən ölməsi aranı əməlli başlı qarışdırıb. Təkcə son çağırışdan sonra üç nəfər bir ayın əsgəri xəstəlikdən ölüb. Əldə etdiyimiz digər məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən son 6 ayda yüzlərlə vərəm xəstəsi milli orduya göndərilib və hərbi hissələrdə təkrar müayinədən sonra təxris edilib.
Səfərbərlik Xidməti ilə bağlı əldə etdiyimiz başqa bir fakt da şok effekt yaratmaq gücünə malikdir. Məlumatlara görə Səfərbərlik Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən iyul ayında xidmətə göndərilən əsgər Əhmədov Elşən Rabil oğlunun böyrəyi yox imiş. Daha dəqiqi yeni xidmət bir böyrəyi olmayan çağrışçını əsgərliyə göndərib və qısa müddət keçəndən sonra onun digər və yeganə böyrəyi sıradan çıxıb. Hazırda əsgər hospitalda müalicə olunur və həkimlər bütün güclərini səfərbər edərək onun tək böyrəyini qurtarmağa çalışırlar. Məsələnin maraqlı tərəfi isə bundan ibarətdir ki, Səfərbərlik Xidməti istər böyrəyi olmayan, istər vərəm daşıyıcısı olan, istərsə də başqa qüsurlu xəstə uşaqları məhz milli orduya göndərir. Bu isə kifayət qədər maraqlı məsələdir və bunun təsadüf olduğunu düşünmək sadəcə sadəlövhlük olardı.
Müstəqil hərbi ekspert Cəsur Sümərinlinin sözlərinə görə, “Hazırda hərbi xidmətdə olan əsgərlər arasında qeyri-qanuni və bəzən də cinayətkar davranışlar təkcə Dövlət Sərhəd Xidmətində deyil, ümumən Azərbaycan Ordusunun digər bölmələrində də qeydə alınır. Bizim qurumun apardığı monitorinqin nəticələri göstərir ki, hərbi hissələrədə baş verən bu cür cinayətkar hərəkətlər ictimaiyyətdən və o cümlədən mətbuatdan gizlədilir və yaxud da cinayət əməllərinin əsil motivləri, başlıca səbəbkarları, iştirakçıları müəyyən maraqlar əsasında şüurlu şəkildə diqqətdən yayındırılır”.
Hərbi ekspertin dediyinə görə, “Hazırda dövlət büdcəsi geniş imkanlara malik olduğundan hərbi hissələrin maliyyələşdirilməsinə xüsusi diqqət ayrılır. Bu ayrılmalar imkan verə bilir ki, orduda və o cümlədən Dövlət Sərhəd Xidmətində köklü islahatlar aparılsın. Ancaq bizim müşahidələrimiz bir daha təsdiq edir ki, sözügedən hərbi qurumların rəhbərləri bu dəyişikliklərin gerçəkləşməsində maraqlı deyillər. Vurğulanmalı ən mühüm məqamlardan biri də ordudakı orta rütbəli zabit heyətinin sosial-maddi durumunun qeyri-qənaətbəxş olması ilə əlaqəlidir. Onların maaşları günün iqtisadi tələbləri səviyyəsində deyil. Güman edirəm ki, zabitlərin əsgərlərə soyuq, bəzən də digər maraqlar əsasında yanaşmasının kökündə bu amil də durur”.
Savalan
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31