Şotlandiyanın Edinburq şəhərində yaşayan bir qrup soydaşımız Gəncə terrorunu pisləyən icazəli etiraz aksiyası keçirib.
Unikal.org xəbər verir ki, Edinburq şəhərində yerləşən Scott abidəsinin önündə toplaşan aksiya iştirakçıları Ermənistanın işğalçı siyasətini və Ermənistan silahlı qüvvəllərinin Gəncə şəhərində, eləcə də digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törətdiyi terroru pisləyiblər.
Əllərində Azərbaycan və Şotlandiya bayraqlarını tutan diaspor fəalları “Ədalət yoxdursa, sülh də yoxdur”, “Qarabağ Azərbaycandır!”, “Uşaq ölümünə son qoyun!”, “Mülki insanlar toxunulmazdır”, “Erməni terroruna son qoyun”, “İşğalçı dövləti dəstəkləməyin” və s. kimi müxtəlif şüarların yazıldığı plakatlarla şəhər sakinlərinin diqqətini Ermənistanın törətdiyi vandalizm aktlarına çəkməyə çalışıblar.
Bundan əlavə “Azəri” Yeni Yelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.
Belə ki, şəhərin mərkəzində yerləşən binalardan asılan plakatlarda böyük hərflərlə “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb.
Qeyd edək ki, plakatlardan biri Vellinqton şəhərinin mərkəzində əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və Parlamentə gedən yolun kənarındakı (190 Thorndon Quay Pipitea ünvanı) binadan asılıb.