“Avropanın gələcəyi yoxdur”“Avropanın gələcəyi yoxdur”
15:28 25-12-2012
CƏMİYYƏT
Hacı İbrahim İbrahimli: “Jurnalistə dedim ki, gəl kəbin kəsdirək”
Müsahibimiz “Avesta” konserninin prezidenti Hacı İbrahim İbrahimlidir.
-Belə dəbdəbəli həyat Sizi bezdirmir ki?
-Mənim dəbdəbəli həyatım yoxdur. Sadə insanlar kimi yaşayıram.
-Bəs milyoner olmaq nə dərəcədə təhlükəlidir?
-Milyoner olmaq, əslində, təhlükəli deyil. Mən deyərdim ki, əziyyətdir. Belə düşünək da. Hər bir insana gündəlik dolanışıq lazımdır. Deyək ki, gündə, məsələn, yüz dollardan min dollara qədər. Baxır, kim necə yaşamaq istəyir. Gərək hər kəs ayaqlarını yorğanına görə uzatsın. Məsələn, mən deyərdim ki, çox pulu tez xərcləmək mümkün deyil. Belə deyək ki, mən bu gün milyonerəm. Belə hesab edək. Amma mən durum deyim ki, gün ərzində nə qədər pul xərcləyirəm? Gün ərzində özümə yüz dollar belə xərcləmirəm. Axı nəyə xərcləyim? Gündə, məsələn, bir dəfə yemək yeyirəmsə, artıq ikinci dəfə yeyəndə mədəm ağrıyacaq. Nə dərəcədə artıq yemək yeyə bilərsən? Yəni çox pulun ziyanı yoxdur. Amma az pul da yaxşı şey deyil.
-Milyonerlərdə bir xəstəlik qeydə alınır – pulomaniya. Pul qazandıqca daha çox qazanmaq istəyirlər, Bəs Siz nə qədər qazanmaq istəyərdiniz?
-Hər bir insanın ehtiyacı və arzuları tükənməzdir. Yəni bu, insana xas olan bir xüsusiyyətdir. İnsanın ehtiyacı tükənmir. Amma heyvanlarda bu xüsusiyyət yoxdur. Yedi, qarnını doydurdu, çıxıb gedir daha. Bir də qarnı acanda yemək axtarmağa başlayır. Amma insanın ağlı və zehni olduğuna görə düşünür ki, nəyisə gələcəyimə saxlayıb gələcəyimi təmin edərəm. Hə, bu ehtiyac tükənməzdir. Mən 84-cü ildə Nehrəm kəndində sovxozda işləyirdim. O zaman bir sovxoz direktorumuz var idi - Hacıyev. Mən deyirdim ki, “Bu insanlar çox tamahgirdirlər, pulu üst-üstə yığırlar”. O deyirdi ki, “Ay oğul, bu insanın ehtiyacı tükənməzdir. Nə qədər pulu olsa da, yenə də onu artırmaq barədə düşünəcək”. Yəni hər bir insanda bu xüsusiyyət var. Kimsə də bu xasiyyətini dəyişmək niyyətində deyil. Mümkün deyil.
-Kasıb olduğunuz vaxtlar heç yadınıza düşürmü?
-(Gülür). Mən elə kasıb vaxtı necə yaşayırdımsa, indi də eləcə yaşayıram. Açığı, heç yaşayış tərzimi dəyişməmişəm. Eyni gülər üzlə, eyni münasibətlə. İnsanlarla ünsiyyətim də eynidir. Bunu hamı deyir. Deyirlər ki, “Sən heç dəyişilmədin”.
-Belə bir fikir var ki, bu gün Azərbaycanda ən çətin iş bizneslə məşğul olmaqdır. Necə deyirlər, gecə rahatca yatırsan və səhər ayılanda görürsən ki, hər şeyi sənin əlindən alıblar. Bu fikirlə razısınızmı?
-Vallah, belə söz –söhbətlər mənim də qulağıma gəlib çatır. Mənə konkret şəkildə belə bir fakt məlum deyil, eşitməmişəm.
-Yeni bir layihəyə başlayıbsınız. Sizcə, bu layihəyə Azərbaycanda ehtiyac var idimi? Bu qədər pulu bu layihəyə sərf etməyinə dəyərmi?
-Azərbaycanda başqa tikintilər də gedir. Amma fikrimcə, Azərbaycanın bu tikintiyə ehtiyacı var. Mən bu layihəni bilərəkdən icra etməyə başlamışam. Mən bu layihəni ortalığa çıxartmışam ki, Azərbaycana böyük investisiyalar cəlb etsin. Bu layihə gələcəkdə Azərbaycanın dövlət büdcəsinə böyük gəlirlər gətirəcək. Mən bu layihəni bilərəkdən, düşünərəkdən eləmişəm. Ona görə də düşünürəm ki, bu proyekt Azərbaycanı göylərə qaldıracaq bir proyektdir. Çünki bu günləri Bakıda gör nə qədər sıxlıq var, yollar nə qədər dardır. Nə qədər xərc çəkilsə də, bu problemi aradan qaldırmaq olmur. Niyə? Çünki Bakıda əhalinin sıxlığı getdikcə artır. Bakıya axın artır və əhalisi çoxalır. Statistik məlumatlara baxanda Azərbaycanın əhalisi ildə 1, 2% artır. Deməli, ölkədə on ildə bir milyon yüz min insan artımı qeydə alınır. Mənim tikdiyim şəhər bir milyon insan üçündür. O da tikilər on beş ilə. Deməli, mən ölkədəki insan artımının yarısını qarşılaya bilmişəm. Düzdürmü? İndi gəlin fikir verək. Mənim tikdiyim şəhərdə kimlər məskunlaşacaq? O şəhərcikdə ev alanlar olacaq. Ev alanların əlli faizi kənardan gələnlər olacaq. Onlar bu evləri ona görə alacaqlar ki, sadəcə, bu şəhərcikdə mülkləri olsun və yaxud arendaya versinlər. Mən elə bil ki, ölkədəki əhali artımının iyirmi faizini qarşılayıram. Belə şəhərciklərdən hər on ildə beşi tikilsəydi, onda Azərbaycanda əhali artımını tam şəkildə qarşılaya bilərdik. Mən bu statistik rəqəmlərin hamısını hesablayıb bu işə girişmişəm. Həmin şəhərcikdə iki yüz min ailə yaşayacaq. İki yüz min nəfər turist üçün də yer nəzərdə tutmuşuq. Gündəlik. Gündə Azərbaycana iki yüz min nəfər turist gəlsə, Azərbaycanda neçə dənə hava limanı tikilməlidir? Bu, ildə iyirmi, iyirmi beş milyon turist edir. Amma bu gün Azərbaycana gəlib-gedənlərin illik sayı iki milyon nəfərdir. Bu rəqəmi on dəfə artırın. Həm də nəzərə alın ki, bu artım turistlərin hesabına olacaq. Bu turistlərin hər biri min dollar xərcləsə, dövlət büdcəsinə nə qədər pul axacaq? Gələnlərin hər biri, ən azı, on beş-iyirmi min dollar pul xərcləyəcək. Bu məbləğin də iyirmi faizi dövlət büdcəsinin olacaq. İndi fikir verin, iyirmi beş milyon adamı minə vurun. Bu, iyirmi beş milyard eləyir. Dövlət büdcəsinə bu qədər pul gələcək. Azərbaycanın büdcəsi on səkkiz milyarddır. Ona görə də biz bu layihəni ortalığa qoymaqla gələcəkdə Azərbaycanı tək neftlə yox, turizmin hesabına da varlandıracağıq. Fikrimcə, Azərbaycanda kənd təsərrüfatı ilə turizmin inkişafına xüsusi diqqət ayrılmalıdır. Tək neftə ümid bağlamaq olmaz. Neft bu gün var, sabah olmayacaq. Və yaxud dünya bazarında neftin qiyməti düşsə, problemlər yaranacaq. Bir də gördün ki, neftə alternativ yanacaq növü tapdılar və neft dəyərini itirdi. Bəs bundan sonra neyləyəcəyik? Yəni neft sənayesi ilə bərabər yuxarıda göstərdiyim sahələri də inkişaf etdirməliyik. Çalışmalıyıq ki, ölkənin iqtisadiyyatı təkcə neftdən asılı olmasın. Deyirlər ki, yumurtaları həmişə bir səbətdə saxlamaq olmaz, onları paylamaq lazımdır.
-Qardaşınızın dövlət komitəsinin sədri olması Sizin biznesinizə müsbət təsir edir, yoxsa mənfi?
- Bunun mənə heç bir aidiyyatı yoxdur.
-Belə fikirdə var ki, İbrahimov qardaşlarının sərvətlərini,o cümlədən televiziyalarını əllərindən alıblar...
-Bu, düz fikir deyil.Sadəcə olaraq, televiziya rəhbərliyi dəyişdirilib.
-Bəs Hacı İbrahimin Nazim İbrahimovdan fərqi nədir?
-O, dövlət məmurudur, idarə olunan adamdır. Mən isə müstəqiləm və idarə olunmuram.
- Bildirilir ki, bir zamanlar Rəsul Quliyevlə dost olduğunuza görə Nazim İbrahimov Sizdən imtina edib...
-Birincisi, mən Nazim İbrahimovdan yaşda böyüyəm və imtina olarsa, mən imtina edərdim. İkincisi isə, adı çəkilən o şəxslə mənim heç vaxt dostluğum olmayıb. Onu mən həyatda cəmi iki dəfə görmüşəm. O da 1994-95-ci illərdə. Onunla heç vaxt heç bir əlaqəm olmayıb,üzbəüz söhbət belə eləməmişəm. Sadəcə, məclislərdə görmüşəm. Onda o, Milli Məclisin sədri idi.
-Ofisinizdə baş verən qətl hadisəsi get-gedə siyasiləşir.Bunun Hacı İbrahimə bir təsiri var?
-Qətiyyən. Onlar mənim şəriklərim olub, sadəcə iş görmüşük.Amma aralarında problemləri var idi. Sonuncu dəfə ikisini də çağırdım yanıma və soruşdum ki, niyə yola getmirsiniz? Qətlə yetirilən şərikimiz dedi ki, bu birisi - indi həbsdə olan oğurluq edir, çapıb-talayır. Məndə dedim ki, onda bütün səlahiyyətləri veririk sənə. Bundan sonra daha onları qəbul etmədim. Sonra aydın olub ki, indi həbsdə olan xəlvətcə ev satır, pulları gizlədirmiş. Beləcə bir milyon manat borcu yaranıb. Amma söz verib ki, pulları qaytaracağam. Ancaq qaytarmaq əvəzinə gedib adam tutub öldürtdürüb. Bundan sonra isə mən getdim istintaqa və 7 səhifəlik ifadəmi verib gəldim. Daha bundan sonra məni heç vaxt çağırmayıblar. O, adam öldürənlə mənim bir son görüşüm də olmuşdu. Onda da gəlib məndən 100 min manat borc aldı və sonra onun cəmi 20 minini qaytarıb. Şeytandır da, yoldan çıxarıb. Bunu vaxtında mənə desəydilər, ikisini də çağırıb məsələnin həll yolunu göstərərdim. İndi bəs nə oldu? İkisinin də ailəsi başsız qaldı. Məsələ bu qədər sadədir. Amma, görünür, kimlərsə mənim adımı tez-tez gündəmə gətirirlər ki, bəlkə, Hacı onlara hörmət eləsin. Bunu da deyim ki, bu birisinin həbs olunmasından xəbərim yox idi. Onda İstanbulda idim və gəlib yasa getdim. O vaxt mənə zəng etdi ki, “Bəs məni tutublar və biz bir yerdəyik”. Onda da dedim ki, “Biz bir yerdə deyilik və ola da bilmərik”. O isə dedi ki, “Onda sənin üçün pis olacaq”. Mən isə dedim ki, nə bilirsən danış. Çünki baxdım ki, bu, şərə keçir. Mən isə elə adamam ki, mənə şər yapışmaz. Çünki mən nə edirəmsə, açıq şəkildə edirəm. Ona görə belə şeylər məndən uzaqdadır. Ümumiyyətlə, məndə bir prinsip var. Bir nəfərə yumruq vurmamışdan qabaq, özünü onun yerinə qoymalısan.
- Rusiyada azərbaycanlı iş adamları “Milyonerlər İttifaqı” yaratdılar. Siz də Azərbaycanda belə bir ittifaq yaradıb aktiv fəaliyyət göstərə bilərsinizmi?
- Çox yaxşı sualdır. Birincisi, onlar Rusiya vətəndaşlarıdır və bu onların öz işləridir. Buna görə onlara nə isə deyə bilmərəm. Onların heç birini tanımıram. Onların Azərbaycandakı proseslərə müdaxilə etmə istəklərinə gəldikdə isə bu əllinin əlliyədir. Yəni mümkündür ki, belə bir müdaxilə etsinlər. O ki, qaldı burdakı milyonerlərə, mən bir fərd olaraq İlham Əlyevin tərəfindəyəm. Biz nehrəmlilərin bir xasiyyəti var. Bu isə konkret bir sifətə, mövqeyə sahib olmaqdır. Çoxları deyir ki, bu, yaxşı xasiyyət deyil. Amma mən hesab edirəm ki, bu, yaxşı haldı. Bir var, üzdə bir şey deyib, arxada bir şey edəsən. Bir də var, konkret mövqe tutasan. Biz nehrəmlilər ilk gündən Heydər Əliyevi dəstəkləmişik, indi də onun yolunu davam etdirən İlham Əliyevi dəstəkləyirik. Bu gün cəmiyyətdə bir inkişaf var və biz İlham Əliyevin yanında durmalıyıq ki, bu inkişaf davam etsin. Mən bunu deyim də hardan hiss edirəm. Mən tez-tez investorlarla görüşürəm və Azərbaycanın adı çəkiləndə onlar ölkəmizə investisiya qoymaq istəyirlər. Bilirsiniz, köhnə şəhəri yenidən qurmaq çox çətindir. Amma bu gün Bakını İlham Əliyev həqiqətən yenidən qura bildi.
- Deyəsən, şahmata marağınız böyükdü. Özünüzü şahmatda hansı fiqura bənzədirsiniz?
- Məndə hər şey düzünədi. Ona görə at kimi hərəkət edə bilmərəm. Vəzir rolunda da olmaram. Ən yaxşısı isə topdur. Top rolunda hiss edirəm özümü.
- Bizim milyonerlər niyə cəmiyyətdən bir az kənarda durmağa çalışırlar?
- Bilirsən, bizdə sivilləşmə hələ zəifdi. Məsələn, götürək mənim özümü. Məni çox yorurlar. İnan, telefona hər gün jurnalistlər nə qədər zəng edir. Özü də əksəriyyəti qadınlar olur. Hə, deməli, biri zəng edib ki, görüşmək istəyirəm. Deyirəm ki, xaricdəyəm. Deyir,hansı ölkədə? Deyirəm ki, Almaniyada. Deyir, lap yaxşı gələndə mənə parfüm alarsan. İnanırsan heç məni tanımır ey...Deyirəm, hə, yaxşı alaram. Deyir, elə zəng eləmişkən sənə xahişimi də deyim. Deyirəm, buyur. Deyir, Bəs mənim villamı təmir elətdir. Deyirəm, yaxşı eləyək də. Bəs sənin kəbinin boşdumu? Deyir, hə. Dedim, onda gəl elə kəbinimizi bağlayaq day səni həm də saxlayım da. Deyir, əla razıyam. Day beləsinə nə deyəsən? Gəlirlər ki, yazı hazırlayacağıq. Amma içəri girən kimi yazı qalır bir kənarda, başlayırlar hansısa xahişləri eləməyə. Bilirsən, cəmiyyətdə belə şeylər olanda adam kənarlaşır. Qəzetlərdə də bir xüsusiyyət var ki, hər dəqiqə hucuma keçirlər. Hucuma keçəndə isə insan yorulub kənarlaşır da. Amma nə vaxtsa bizdə də bunlar qaydaya düşəcək. 10 il qabaqkı dövrə baxanda indi görürsünüzmü nə qədər dəyişiklik olub.
- Deyirdilər ki, ayın 21-i dünya dağılacaq. Sizdə bununla bağlı hazırlıq görmüşdünüzmü?
- Mən əvvəldən buna nağıl kimi baxmışam, indi də elə baxıram. Dünya dağılmayacaq. Bir şey deyim, mənim iki oğlum Cenevrədə oxuyur. Bakıya gəlməli idilər. Biri dedi ki, bilet yalnız ayın 21-nədi. Dedim, al gəl. Dedi, bəs dünya dağılacaq deyirlər? Dedim, sən otur təyyarəyə gəl. Amma sizə başqa şey deyim. Hələ o vaxtlar deyirdilər ki, Azərbaycan Avropa Şurasına daxil olsun. Mən isə deyirdim ki, buna ehtiyac yoxdu. Çünki Avropanın özünün gələcəyi yoxdur. Bu gün Avropada kompyuterləşmə, insanların robotlaşması prosesi çox sürətlə gedir. İnsanlar daha işləmək istəmir, insanlar sadəcə istirahət etmək istəyir, gecə barlarında əylənmək istəyirlər. Bax, bu səbəbdən deyirdim ki, Avropa batacaq. Amerika hər zaman ayaq üstə dura biləcək. Çünki dünyanın pulu Amerikadadır. Amma Avropa dağılacaq. Avropa kasıbçılığa görə birləşməyə həvəs göstərdi də. İndi neyniyirlər? Çalışırlar ki, Yunanıstanın, İspaniyanın borcunu bağlasınlar, İtaliyaya kredit ayırsınlar. Bununla isə iş düzəlməz. Mən yüz faiz bilirəm ki, Avropa Birliyi dağılacaq. Özümüzü yalandan yormamalıyıq. Bax, artıq qopmalar başlayıb. Yaxın 5 ildə Avropa Birliyi sıradan çıxacaq.
- Nehrəmlilərin Cəlil Məmmədqluzadədən zəhlələri gedir. Bəs sizin?
-Yox, niyə zəhləm getməlidi ki? O yaxşı adam olub. O, “ Molla Nəsrəddin”i yaradanda nehrəmlilər üçün yaratmamışdı ki, cəmiyyət üçün yaratmışdı. Onda hər yer eyni halda idi də. Məsələn, “Poçt qutusunu” götürək. Ordakı savadsızlıqlar hər yerdə var idi.
- Nə əcəb namaz qılmırsınız?
- Əvvəldən həvəsim olmayıb və heç vaxtda qılmayacağam.
- Niyə?
-Hərənin içində bir yanaşma, istək var məndə də bu belədir.
-Bəs hansı dini özünə yaxın hesab edirsən?
- İslam dinini. Mən özüm beş dənə məscid tikdirmişəm. Hələ 1994-95-ci illərdə Naxçıvanda xeyriyyəçilik olaraq bu işlər üçün 15 milyon manat pul xərcləmişəm. O vaxt 15 milyona Bakının yarısını almaq olardı. Bilirsən, gedib namaz qılıb, sonra pis işlər görənlərdən xoşum gəlmir.
- Qocalıqdan qorxmursunuz ki?
-Allah qocalığı hamıya qismət eləsin.
Söhbətləşdi:
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50