“Biz bu qələbə sənədini qiymətləndirməzdən öncə sentyabr ayının ortalarında münaqişənin həlli ilə bağlı nəyə razı olduğumuzu xatırlamalıyıq. Bu vaxta qədər nəyə razı idik, indi nəyə razıyıq. O zaman görərik ki, biz gözlədiyimizdən də tez və səmərəli uduşla başa vurmuşuq”.
Bu fikirləri Unikal.org-a açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa səsləndirib. O bildirib ki, məsələyə bizim arzuladığımız kimi hədəflərə maksimalist baxmağımız doğru olmaz:
“Ermənilər ona görə uduzdular ki, maksimalist hədəflərlə prosesə yanaşdılar. Bu məsələni 90 faiz plana uyğun həll etdik. Başqa cür də ola bilməz. Çünki bölgə dövlətlərinin maraqlarını nəzərə almadan hansısa razılaşmaya getmək gələcəkdə müəyyən problemlərə yol aça bilər. Bu baxımdan biz indi Rusiya ilə də münasibətləri sağlamlaşdırdıq. Demək olar ki, nəzərdə tutduğumuzdan artıq hədəflərə çatmışıq. Ona görə də bu, Azərbaycanın şəriksiz qələbəsidir. Burada Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna böyük xidməti var. Onun xidməti nəticəsində xalq təşkilatlana bildi və proses başa çatdı. Bir də burada ən böyük pay qəhrəman Azərbaycan əsgərinə düşür. Onların fədakarlığı nəticəsində bu qələbə qazanıldı. Eyni zamanda unutmayaq ki, bu qələbənin ən böyük müəllifləri şəhidlərimizdir. Onların qanı hesabına torpaqlarımız işğaldan azad edilib. Bu təkcə cari ilin deyil, yüz ilin işidir. Yüz ilin şəhidlərinin ruhunu sakitləşdirə bildik. Ona görə də hesab edirəm ki, bu, tariximizin ən şanlı və ən ləyaqətli səhifələrindən biridir”.
Murad İbrahimli