Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Azərbaycan və Çinin əfsanəvi hərbi qalaları" adlı elmi-tələbə onlayn seminarı keçirib.

Unikal.org xəbər verir ki, seminarda açılış nitqi ilə çıxış edən ADU Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Böyük Qələbə Günü münasibətilə seminar iştirakçılarını təbrik edərək, Azərbaycanın əfsanəvi hərbi qalalarının çoxəsrlik tarixindən, fortifikasiya qurğularının gücü və memarlığın qeyri-adi gözəlliyi ilə seçilən əzəmətli qalalarından danışıb. Ölkəmizin dövlətçilik tarixində parlaq iz qoymuş Azərbaycanın müxtəlif regionlarında hərbi qalaların tikməsi tarixindən və quruluşundan danışan R. Abbasov Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa qalasından da xüsusi söhbət açıb.

Onlayn seminarda iştirak edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Fucyen əyalətindəki "tulou" və Guandun əyalətindəki "dyaolou" Çin unikal tarixi qala evləri, Qansu əyalətindəki Yuntay və Şenzhendakı Dapin qədim qala şəhərləri, Tyantszində Daqu və Pekində Vanpin hərbi istehkamları, eləcə də görkəmli sərkərdələr-azərbaycanlılar  - Əli Ağa Şıxlinski və Səməd bəy Mehmandarovun müdafiəsində iştirak etdiyi Dalyandakı Port-Artur qalası haqqında danışıblar.