İndi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirib.
Yaralı hərbçilərə göstərilən dövlət qayğısından danışan Prezident deyib: “Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq”.