Köhnə müttəfiqlər düşmənə çevrildilər...
11:14 27-12-2012
CƏMİYYƏT
Köhnə müttəfiqlər düşmənə çevrildilər...
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Facebook-da qəzəbli bəyanatla çıxış edib. Onu hiddətləndirən sosial şəbəkədəki "Xilas" qrupunda şərhlərdən biridir.
Bir istifadəçi müxalifət düşərgəsinin aparıcı simalarını satqınlıqda ifadə edib. Arif Hacılının statusunda deyilir: "Bir sıra tnınmış AXCP üzvlərinin də bəyəndiyi bu yazılar Əli Kərimlinin birlik mövzusundakı çıxışından sitatlarla yanaşı verilib. Əvvəla, əgər İsa Qəmbəri, Arif Hacılını, Mirmahmud bəyi, başqalarını "satqın" adlandırırsınızsa, birlikdən danışmaq nədir? İkincisi Əli Kərimli mənim, qardaşlarımın hansı əlaqələrini aşkar edib.
H.Əliyev 1 saylı fərmanı ilə məni Dövlət Müşaviri vəzifəsindən azad edib. Dərhal da parlamentdən kənarlaşdırıb. Bu rejim 20 ildir hər dəfə seçilsəm də, məni parlamentə buraxmır. Tanınmış siyasətçilərdən yeganə adamam ki,bu rejim tərəfindən iki dəfə uzun müddətə, dəfələrlə isə qisa müddətə həbs olunmuşam.Qardaşlarım da həmçinin.
Hakimiyyətə qarşı mübarizəyə gəldikdə isə Əli Kərimlinin heç vaxt mənim getdiyim yerə qədər getdiyini görməmişəm.Heç mənə güllə atılanda güllə səsi eşidilən yerə qədər də gəlməyə cəsarət etməyənlərin İsa Qəmbəri, məni, mənim silahdaşlarımı, o cümlədən, qardaşlarımı bu mövzuda müzakirəyə çıxarmağa haqqı yoxdur. Bu müttəfiqlik münasibətləri deyil. Bu düşmənçilik də yox, qəvi düşmənçilik münasibətidir".
Politoloq Zəfər Quliyev son zamanlar AXCP və Müsavat Partiyasının funksionerləri arasında baş verən mətbu dartışmalarla bağlı bildirdi ki,
"Buna çox təəssüf edirəm. Hesab edirəm ki, bu, liderlərdən asılı deyil. Ona görə ki, İP KŞ-da bunun şahidi olmuşuq. Liderlər səviyyəsində hər hansı qərarın qəbul olunmasında gərginlik hiss olunmur. İstər İsa Qəmbər, istərsə də Əli Kərimli istənilən məsələdə dil tapırlar. Təəssüflə demək lazımdır ki, partiyaların funksionerləri, mətbu orqanları səviyyəsində rəqabət kəskin xarakter alır. Hiss olunur ki, liderlər də bu prosesin qarşısını ala bilmirlər. Bunun bir çox səbəbləri var. Rəqabət partiyaların özlərinə uğur gətirmir. Əsas hədəf qalır kənarda, bir-birləri ilə vuruşurlar. Bu, əslində iqtidar və onun tərəfdarlarına uğur gətirir. Çalışmaq lazımdır ki, bu rəqabət konfrontasiyaya aparan istiqamət almasın".
Politoloq İctimai Palatanın prezident eçkilərinə qədər varlığını qoruyub saxlaya bilməsi barədə danışarkən dedi: "Buna çalışırıq. Hesab edirik ki, İP təkcə prezident seçkilərində iştirak üçün yaradılmayıb. İP yaranan gündən qarşısına böyük məqsədlər qoyulub. Əsas prinsip Azərbaycanda demokratik dəyişikliklərə nail olmaqdır. Bu, "Yol Xəritəsi"ndə də öz əksini tapır. Seçkilərə qədər İP-nın dağılması orada təmsil olunan partiya liderlərinin siyasi mövqelərinə, planlarına İP ilə bağlı ümidlərinə də ziddir. Azərbaycan cəmiyyətinin də bir hissəsi İctimai Palataya ümid bağlayıb. Qurumu hansısa maraqlara qurban verməmək lazımdır. Orada təmsil olunan partiya liderlərinin hər ikisi seçkidə iştirak etsələr belə, çalışmaq lazımdır ki, hər şey razılaşma yolu ilə olsun, kəskin rəqabət aparılmasın".
AXCP sədrinin müavini Asəf Quliyev isə Müsavat Divanının İsa Qəmbərin namizədlik məsələsini Məclisə çıxarması haqqında qərarını şərh edərkən deyib: "Namizədin irəli sürülməsi Müsavat Partiyasının öz işidir. Hər bir partiya namizədliyini irəli sürə bilər. Ancaq bizimlə Müsavat arasında fikir müxtəlifliyi var. Məsələ ondadır ki, Müsavat bu başdan namizədini irəli sürüb mübarizə aparmaq xəttini müdafiə edir. Biz isə Azərbaycandakı partiyaların hamısının bir araya gələrək vahid namizədin müəyyən edilməsini və seçkiyə vahid namizədlə qatılmağı məqsədəuyğun sayırıq".
AXCP rəsmisi əlavə edib ki, Müsavat başqanının müşaviri Mustafa Hacıbəylinin "Müsavat prezident seçkilərində cəmiyyəti fəallaşdırmaq üçün iştirak edir" fikri bu partiyanın taktikasını ortaya qoyur: "Fərq ondadır ki, onlar cəmiyyətin fəallaşdırılması üçün çalışırlar... Mənə elə gəlir ki, Müsavat hələlik öz namizədini müəyyən edir. Gələcəkdə ola bilsin ki, digər partiyalar vahid namizəd məsələsində razılığa gəlsələr, Müsavat da bu prosesə qoşular. Fikrimcə, bu, istisna edilmir. Ancaq faktiki olaraq Müsavat funksionerlərinin açıqlamaları, eləcə də Divanın qərarı adamda belə təəssürat yaradır ki, Müsavat başqanı İsa Qəmbər heç namizədliyini vermək istəmir, amma sanki ona təsir göstərilir ki, namizədliyini versin. Bu, bir qədər qaranlıq qalır. Sözsüz ki, İsa Qəmbər Azərbaycan siyasətində yeri və çəkisi olan siyasətçilərdəndir. Ancaq son hadisələr göstərir ki, sanki onun namizədliyini zorən irəli sürürlər. Görüntü bundan ibarətdir".
A.Quliyevin sözlərinə görə, üç ay öncə Ziyalılar Forumu ilə danışıqlar aparılmışdı ki, İctimai Palataya daxil olmayan partiyaların da iştirakı ilə birgə forum keçirilsin, müzakirələr aparılsın. Hətta İctimai Palata ilə Forum arasında belə bir tədbirin keçirilməsi məqsədilə razılıq əldə edilib. Müəyyən dərəcədə razılıqlar var və bu imkan da var ki, partiyalar birlikdə vahid namizəd məsələsini həll etsin. Amma qəfildən bir şəxsin ortaya çıxaraq "mən bütün hallarda seçkidə iştirak edəcəyəm" bəyanatını verməsi düz gəlmir. Bu, həm də digər partiyalarda narahatlıq yaradır. Çünki bu, bir partiyanın məsələsi deyil. Biz bilirik ki, seçkidə iştirak etmək xətrinə namizəd olmaqdansa, gücü bir yerə qoyub mübarizə aparmaq lazımdır. Sadəcə, qarşıdan gələn seçkilər zamanı siyasi fəallığın artması fonunda bu cür qərarların qəbul edilməsi həm siyasi partiyalara təsir edir, həm də mənfi enerji yaradır. Sosial şəbəkələrdə gedən müzakirələr göstərir ki, belə qərarların verilməsi cəmiyyətin müxalifət partiyalarına əks reaksiyalarına səbəb olur".
Natiq
Digər Xəbərlər
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00