“Biz oz müstəqilliyimizi elan edər-etməz fəlakətlərlə üzləşdik, ərazilərimiz işğal olundu, xalqımıza qarşı soyqırım törədildi, evlərimiz yandırıldı, məscidlərimiz dağıdıldı, təhqir edildi. Bu xalqın bir gözündən yaş heç zaman əskik olmadı. Etiraf edək ki, müstəqilliyin qürurunu tam mənada yaşamağa bizə imkan vermədilər. Amma biz təslim olmadıq”.
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Mirkişili səsləndirib. O bildirib ki, Azərbaycan Prezidenti bizi bugünkü möhtəşəm qələbəyə aparan bütün yolları bir hədəfdə birləşdirməyi bacardı:
“Əsl müstəqilliyimizi təmin edən, bizə dost və müttəfiqlər qazandıran, bizi güclü edən iqtisadiyyat qurduq. Hansı ki, bu illər ərzində dəfələrlə böyüdü, düşmən iqtisadiyyatını 3 dəfə, hərbi büdcəsini isə 6 dəfə üstələyən, heç kimdən asılı olmayan, ehtiyatı borcundan 6 dəfə böyük, Şərqi və Qərbi, Şimalı və Cənubu birləşdirən, vətəndaşın sosial rifahına xidmət edən iqtisadiyyata sahib olduq. “Bizim bayrağımız Şuşada dalğalanacaq, o günü biz hər gün öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” – Bu sözlər isə Ali Baş Komandan İlham Əliyevə aiddir. Bu gün o gündür! Deyilmişdi – edildi! Ali rəhbərimiz məğlub, amma təslim olmayan BİZ-dən qalib və təslim edən BİZ yaratdı. Müharibədə biabırçı şəkildə məğlub olan düşmən ölkənin iqtisadiyyatı da dağıldı, resursları məhv oldu və sonda kaputilyasiya aktına imza atdılar. Bizim 30 ilimizi oğurlayan işğalçı Ermənistan ən azı 30 il geri düşdü. Azərbaycan iqtisadiyyatı isə bütün sınaqlara sinə gərdi, o da bu döyüşdə bu qalib oldu. Öz dayanıqlığı, çevikliyi və müasirliyi ilə. Bu qələbə azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlağıdır. Bizim yumruğumuz bizim birliyimizdir! Azərbaycan xalqı uluöndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev ətrafında hər zaman bir oldular! Bu birlik hər zaman düşmənlərin başında bir yumruq oldu. İndidən sonra da olacaq”.
Murad İbrahimli