"Bir neçə gün əvvəl Türkiyənin Tvnet kanalına açıqlamamda zəif internet bağlantısı səbəbindən mən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrimi sona qədər çatdıra bilmədim. Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Facebook hesabında qeyd edib.
Deputat paylaşımında bildirib ki, dövlətimizə və xalqımıza bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyi açıq və aydındır: “Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir. Belə bir təcrübə artıq var, söhbət Çıraqov qardaşları və digərlərinin işi üzrə Avropa Məhkəməsinin qərarından gedir. Mənim bütün vətəndaşlarımıza, o cümlədən məcburi köçkün soydaşlarımıza münasibətim hər zaman eyni olub. Bu gün ərazilərimizin işğaldan azad olunmasına həm bir azərbaycanlı, həm də məcburi köçkün statusundan xilas olan xalqın nümayəndəsi kimi sevinirəm. Tam səmimiyyətimlə deyirəm - sevinciniz sevincim, kədəriniz kədərimdir. Mən vətənimi, dövlətimi, xalqımı sevirəm, buna heç kimin şübhəsi olmamalıdır”.
Qeyd edək ki, bu gün Milli Məclisin İntizam Komissiyası deputat Könül Nurullayeva barəsində canlı yayımda "ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi" barədə suala verdiyi cavaba görə töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.