“Böyük sevinc və coşqu münasibətilə hər bir azərbaycanlını təbrik edirəm. Biz bugünlərə çatmaq üçün çox uzun bir yol gəldik.” 

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. O, Qələbə münasibətilə xalqımızı təbrik edib:

“Böyük sevinc və coşqu münasibətilə hər bir azərbaycanlını təbrik edirəm. Biz bugünlərə çatmaq üçün çox uzun bir yol gəldik. Ötən 30 il ərzində Ermənistanın barbar siyasəti nəticəsində yalnız torpaqlarımız işğal edilmədi. Eyni zamanda bu torpaqlarda qalan abidələrimiz də məhv edildi. Mənəviyyatımıza əl uzadıldı. Məscidlərimiz, tarixi abidələrimiz təhqir edildi. Çox şükürlər olsun ki, bütün bunlara son qoyuldu. Böyük qələbəmiz artıq labüddür. Əlbəttə ki, bu qələbədən sonra biz o torpaqlarda qurub-yaradacağıq, oraları əvvəlki vəziyyətindən də gözəl hala gətirəcəyik. Cənnət vətənimizin bir guşəsi olan Dağlıq Qarabağın elə həmin adını, şərəfini, şanını ona qaytaracağıq. Bunun üçün gücümüz də, qüvvətimiz də var, lakin görünən odur ki, bu insanlar heç bir zaman öz barbar xüsusiyyətlərindən, faşist meyillərindən əl çəkməyiblər.”

Deputat qeyd edib ki, ermənilər can çəkişdikləri bir vaxtda belə öz intiqamlarını daşlardan, abidələrdən, binalardan, meşələrdən alırlar:

“Xatırlayırsınızsa, cənab prezident müharibənin getdiyi günlərdə verdiyi müsahibələrdən birində dedi ki, sanki bu torpaqlardan vəhşilər keçiblər. Eyni zamanda Ali Baş Komandan Füzuli  şəhəri işğaldan azad olunan zaman bayraq sancmağa heç bir bina tapılmadığını bildirdi. Bu, düşmənin simasıdır. Onların getdikləri hər yeri viran qoyurlar. Bu gün də bu əməllərindən əl çəkmirlər. Müharibəni savaş meydanında aparmaq əvəzinə silahlarını dinc əhaliyə qarşı çevirdilər. Əlbəttə ki, təbiətin belə barbarca məhv edilməsi, abidələrin, binaların və tikililərin məhv edilməsi birbaşa insanlığa yönəlmiş cinayətdir. Necə ki, əlləri Azərbaycan insanının qanına batıb, necə ki, günahsız insanları ən ağır silahlarla qətlə yetirirlər.”

Millət vəkili düşmənin bunlara görə cavab verəcəyinə əmin olduğunu ifadə edib:

“Bunun cavabını məhkəmə, beynəlxalq tribunal qarşısında verəcəkləri kimi bu əməllərinə görə də cavab verməli olacaqlar. Kəlbəcərdəki yataqlarımızi, təbii sərvətlərimizi yağmalayıblar, satıblar. Bütün bunlar zamanla öz yerini alacaq və cavablarını da alacaqlar. Azərbaycan 30 il ərzində yerlə yeksan olunmuş vətən parçasında əvvəlkindən də gözəl, daha parlaq işlər görərək Azərbaycanımızın bütövlüyünü təmin edəcəkdir.”

Coşqun Əli