Ermənistanda siyasi qüvvələr arasında gərginlik pik həddə çatıb.
Unikal.org xəbər verir ki, Qarabağ məğlubiyyətini həzm edə bilməyən Ermənistan cəmiyyəti parçalanmağa başlayıb. Çıxış yolunu məsuliyyəti üzərindən atmaqda və bir-birini günahlandırmaqda görən siyasi qüvvələr isə vəziyyətdən öz məqsədlərini reallaşdırmaq üçün istifadə etməyə çalışırlar.
Noyabrın 10 -da üçtərəfli bəyanatın imzalanmasından sonra kütləvi etirazlarla müşayiət olunan proseslər davam edir. Müxalifət iqtidarı təslim olmaqda günahlandırır və hakimiyyətin istefasını tələb edir. Paşinyan hakimiyyəti isə vəziyyətdən çıxmağa və özünü qorumağa can atır.
Hakim "Mənim addımım" blokunun üzvü olan deputat Ruben Rubinyan da hakimiyyəti ittiham edən müxalifəti susdurmaq üçün qarşılıqlı ittihamlar səsləndirməyə başlayıb.
O qeyd edib ki, Paşinyan müharibəni dayandırmaq barədə danışanda müxalifət buna qarşı çıxıb. R.Rubinyanın sözlərinə görə, məğlubiyyətdə hərbi əməliyyatların dayandırılmasını qətiyyətlə rədd edən və qəbuledilməz sayan müxalifətin də günah payı var.