Fransanın "Le Monde" qəzeti 27 il erməni separatçılarının nəzarətində olan Ağdam rayonunun 20 noyabr tarixində Azərbaycana qaytarılması haqqında yazı dərc edib.

Unikal.org xəbər verir ki, yazıda qeyd olunur ki, hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın şərtlərinə əsasən Ağdamla yanaşı, digər iki rayon - Kəlbəcər noyabrın 25-i, Laçın dekabrın 1-i - Azərbaycana qaytarılmalıdır. Bu ərazilərin 30 ilə yaxındır erməni silahlı birləşmələrinin nəzarəti altında olduğu, 1990-cı illərdə on minlərlə insanın ölümü, yüz minlərlə insanın, xüsusən də Ağdamdan azərbaycanlı əhalinin didərgin düşməsi ilə nəticələnən müharibə də oxucuların diqqətinə çatdırılır.

Həmçinin yazıda iki minə yaxın rus sülhməramlı əsgərlərin atəşkəs rejiminə nəzarət etmək üçün Qarabağda və ətraf rayınlarda yerləşdirildiyi qeyd olunur.

Bundan əlavə, Azərbaycana məxsus əraziləri tərk edən ermənilərin öz mal-qaralarını öldürdükləri və ağaclardan meyvələri toplayaraq özləri ilə aparmaları, bəzilərinin isə hətta evləri yandırdıqları qeyd olunur. Həmçinin, 30 ilə yaxındır “ruhlar şəhəri” olan Ağdamın separatçıların arxa bazası olduğu deyilir və vurğulanır ki, əsgərlər bölgəni tərk etməzdən əvvəl qərargahlarını yerlə-yeksan edərək ona od vurmuşlar.

1990-cı illərdə hazırda baş verənlərin əksinin yaşandığı, yerli azərbaycanlı əhalinin öz evlərini tərk etmək məcburiyyətində qaldıqları qeyd olunur. Sonda, Qarabağda atəşkəslə bağlı razılaşmanın Ermənistanda böyük etirazlara səbəb olduğu və baş nazir Nikol Paşinyanın “xain” adlandırıldığı da vurğulanır.