Dövlət Gömrük Komitəsinin Akademiyasının professor-müəllim və inzibati işçi heyəti, həmçinin tələbələri Azərbaycan Ordusunun bu ilin 27 sentyabr tarixindən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış zəfər yürüşü müddətində olan 44 günlük müharibə dövründən başlayaraq Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində fəal iştirak edirlər.
Unikal.org xəbər verir ki, akademiyanın kollektivi, professor-müəllim heyəti və tələbələri mediada, həmçinin müxtəlif sosial şəbəkələrdə fəal şəkildə xarici dillərdə (əsasən rus, ingilis, fransız, türk və digər dillərdə) paylaşımlar edirlər.
Akademiyanın Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı bir sıra televiziya kanallarına qonaq qismində dəvət olunaraq çıxışlar ediblər.
Araz Aslanlı Azərbaycan televiziyaları ilə yanaşı, xarici televiziya kanallarında türk, ingilis və ərəb dilində yayımlanan verilişlərdə qonaq olub. Akademiya əməkdaşının 21 fərqli xarici mediada türk, ingilis və rus dillərində 24 məqalə və açıqlaması dərc olunub. Məqalələr Avropa, Amerika, Asiya və Afrika qitəsindəki müxtəlif qəzet və saytlarda yayımlanıb.
Bununla yanaşı, Akademiya əməkdaşları bir sıra yerli və beynəlxalq onlayn tədbirlərdə məruzəçi kimi də iştirak ediblər.