Rumıniyanın Yassı Dövlət Universiteti və Qazaxıstanın Lev Qumilyov adına Dövlət Universitetinin Rus filologiyası kafedrasının təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr olunan onlayn elmi konfrans keçirilib. “Kamal Abdullanın çoxşaxəli yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlanan konfransda Moskva Dövlət Pedaqoji Universiteti, Qazaxıstan Dövlət Universiteti, Kişinyov Pedaqoji Universiteti, Tbilisi Dövlət Universiteti, Yassı Dövlət Universiteti və Ukrayna Sum Dövlət Universitetindən alimlər, o cümlədən, tələbə, magistr və doktorantlar iştirak edib.
Unikal.org xəbər veriri ki, Yassı Dövlət Universitetinin dosenti, tanınmış tərcüməçi və ədəbiyyatşünas alim Lüdmila Bejenarunun moderatorluğu keçirilən və Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan konfransda yazıçının yaradıcılığı bir neçə aspektdə təhlil olunub.
İngilis, rus və rumın dillərində təqdim olunan məruzələrdə müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanı, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr olunan elmi fəaliyyəti, poeziyası, dramaturgiya yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb.
“Sehrbazlar dərəsi” romanının rumın dilinə tərcüməçisi olan L. Bejenaru əsərə ölkəsində olan maraqdan danışıb, romanın ideyası haqqında, cavab axtardığı suallar ətrafında məruzə ilə çıxış edib.
Konfransda Ukraynanın Sum Dövlət Universitetinin əməkdaşı Anastasiya Çasovski “Kamal Abdullanın yaradıcılığının müasir qavranması və təhlili” adlı məruzə ilə çıxış edib.
Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Liviya Kotorça “Yarımçıq əlyazma” romanını bədii və tarixi planda təhlil edib. O, qeyd edib ki, romanda tarixlə ədəbiyyatın həm mükəmməl tandemini, həm də sintezini görürük. Əsərdə tarix və ədəbiyyatın sərhədləri itsə də, müəllif öz yüksək sənətkarlığı ilə oxucunu xüsusi bədii priyomlarla xəbərdar edir.
Daha sonra Moskva Dövlət Universitetinin alimi Oksana Kozlova “Kamal Abdullanın romanlarının tərcüməsi və rus mədəni mühitindəki yeri” adlı məruzə ilə çıxış edib. Oksana Kozlova yazıçının rus dilinə tərcümə olunan “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarına rus oxucusunun, eləcə də peşəkar və intellektual ədəbiyyat kəsiminin böyük marağından danışıb.
Kişinyov Dövlət Universitetinin əməkdaşı Qabriela Topor, Gürcüstan Dövlət Universitetinin alimi İndina Caqana Xalq yazıçısı Kamal Abdullanın dilçilik, dramaturgiya, poeziya istiqamətindəki fəaliyyətini təhlil ediblər. Məruzəçilər bildirib ki, müəllif hər üç istiqamətdə böyük uğurlu əsərlər yaradıb, onlarda fəlsəfəni, dünyanı və insanlığı maraqlandıran suallara cavab tapmaq olur.
Daha sonra Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Kristina Veskeuçan “Sehrbazlar dərəsi – roman kainat” adlı məruzəsi dinlənilib. Alim 2019-cu ildə Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında “Sehrbazlar dərəsi” romanının təqdim olunduğunu xatırladıb. Hər il keçirilən yarmarkada 400-dən çox rumın və xarici nəşriyyatlar, tipoqrafiyalar, mədəniyyət mərkəzləri və institutlar, ədəbi agentliklər, kitabxanalar və s. təmsil olunur. Üç mindən çox müəllifin iştirak etdiyi kitab yarmarkasında 26 ildir ki, Azərbaycandan yeganə müəllif olaraq Kamal Abdullanın adı çəkilir: “Məmnuniyyətlə deyə bilərəm ki, “Sehrbazlar dərəsi” romanına bizim universitetin tələbələrinin böyük marağı var. Ümumiyyətlə, dünyanın 20-ə yaxın dilə tərcümə olunması göstərir ki, Kamal Abdullanın yaradıcılığına təkcə öz ölkəsində yox, dünya ədəbi-intellektual müstəvisində də maraq böyükdür. Kamal Abdulla intellektual nəsrin, intellektual ədəbiyyatın görkəmli nümayəndəsi kimi öz ölkəsində və dünyada dilçi, ədəbiyyatşünas alim kimi də qiymətləndirilir. Dekabr ayında Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə sevimli yazıçını rumın oxucuları, ədəbiyyatçıları adından ürəkdən təbrik edirik. Gənc yazıçılar və alimlər onun yaradıcılığını yaxşı öyrənməlidirlər. Çünki bu, onlar üçün vacib örnəkdir”.
Daha sonra konfrans öz işini “Rumın tələbələrinin yazıçı Kamal Abdulla ilə dialoqu” adlı dəyirmi masa ilə davam edib.
Xalq yazıçısı, akademik Kamal Abdulla konfransın keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.