“Kəşfiyyat taboruna daxil olan bizim qrupda 27 nəfər var idi. Onlardan 4-ü öldü, 12-si yaralandı”.
Unikal.org xəbər verir ki, bunu Rusiyanın “Moskovski Komsomolets” qəzetinə müsahibəsində Zori Balayanın döyüşlərdə iştirak edən oğlu Hayk Balayan söyləyib.
H.Balayan müsahibəsində cərrah olduğunu, müharibənin ilk günlərində isə silaha əl ataraq cəbhədə hərbi xidmətdə olan 18 yaşlı oğlunun yanına getdiyini bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin miqyası tamam başqa olub:
“1991-1993-cü illərdə mənim 15-16 yaşım olarkən atamla dəfələrlə ön xəttə olmuşam. Ermənistan milli qəhrəmanı Monte Melkonyanı (ASALA terror təşkilatının rəhbəri. 1993-cü ildə Ağdamın Mərzili kəndində zərərsizləşdirilib – “Report”) görmüşəm. Ancaq bu dəfə tamam başqa müharibə idi. Bu, nə 90-cı illərin əvvəlində, nə də 2016-cı ildəkinə bənzəyirdi. Yəqin ki, öz intensivliyi və rəqibin üstünlüyü ilə fərqlənirdi. Onların artilleriyası saatlarla bizim mövqeləri vura bilirdi. Şimalda elə idi ki, bizim post dayanmadan səkkiz-doqquz saat artilleriya atəşinə tutulurdu. Silahlar müxtəlif çaplı idi. 60 millimetrlik minaatan vurarkən tanrıya şükür edirdik. “Qrad”lar yaxınlığı vururdu. Hələ təyyarə və pilotsuz uçan aparatları demirəm. Bəzi hallarda düşmən postumuza hücum edirdi, yaxın döyüş yaşanırdı... Bəzən elə olurdu ki, eyni postu bütün növ artilleriyadan 9 saat ard-arda atəşə tuturdular”.
Hayk Balayan müharibə zamanı mülki obyektlərin hərbi hissə kimi istifadə olunduğunu da etiraf edib:
“Qırmızı Bazarda azərbaycanlılar məktəbi xeyli bombalayırdı. Əlbəttə, bizim orada hərbi hissəmiz var idi, o vaxt bütün məktəbləri hərbi hissəyə çevirmişdik”.
O həmçinin azərbaycanlı hərbçilərin dağ əməliyyatına yaxşı hazırlıqlı olduğunu da vurğulayıb:
“Hadrut yüksəkliklərində olmuşam, hər şeyi özüm görmüşəm. Anlamıram, azərbaycanlılar o yüksəklikləri necə götürə bildi. Ancaq mən hərbi mütəxəssis deyiləm. Yəqin ki, azərbaycanlılar bu cür dağ əməliyyatlarına yaxşı hazırlıqlı idi. Çünki Şuşa alınarkən bizim artilleriyamızın yaxşı işləməsinə baxmayaraq, onlar yenə də şəhərə daxil ola bildilər”.