Təkrar emal vasitəsilə məişət tullantılarının həcmini azaltmaq üçün 2020-ci ilin dekabr ayından Azərbaycanda yeni pilot layihəyə start verilir. Sumqayıt şəhərindən başlanan “Təmiz Sumqayıt” layihəsinin məqsədi əhalini məişət tullantılarını çeşidləməyə, toplanıb təkrar emala göndərilməsinə cəlb etməkdir.
Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması sisteminin praktik olaraq həyata keçirilməsini və gələcəkdə bütün ölkə ərazisində tətbiqini nəzərdə tutan layihə çərçivəsində Sumqayıt şəhərində müvafiq konteynerlər yerləşdiriləcək, əhali arasında məişət tullantılarının çeşidlənməsini təbliğ edən maarifləndirmə tədbirləri təşkil ediləcək.
“Layihədə dövlət, özəl sektor və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı çərçivəsində ETSN ilə birlikdə ASAN könüllüləri və bir sıra özəl şirkətlər iştirak edəcək”, -deyə S. Məmmədova qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ilin dekabrından 2021-ci ilin aprelinədək davam edəcək fəaliyyət 4 növ tullantının – şüşə, kağız, plastik və metalın çeşidlənərək müxtəlif konteynerlərdə toplanılmasını, yenidən emal müəssisələrinə göndərilməsini nəzərdə tutur və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan layihə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”ya uyğun hazırlanıb.