"Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır".
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxışı zamanı deyib.
"Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır. Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilmişdir", - dövlət başçısı bildirib.