44 gün davam edən Vətən Müharibəsində şəhid olan bir sıra hərbi qulluqçuların Penitensiar Xidmətin tabeliyində olan fərqli həbsxanalarında cəza çəkən valideynləri azadlığa buraxılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan Əsgər Məmmədovun atası Zaur Balış oğlu Məmmədov, şəhid Şahgündüz Cabbarovun atası Habil Mütəllim oğlu Cabbarov, şəhid Elsəvər İbrahimovun atası Etibar Rəşid oğlu İbrahimov və şəhid Kamran Seyfullayevin atası Cəlal Sanhan oğlu Seyfullayev azadlığa çıxıblar.
Adları qeyd olunan məhkumlardan bəziləri məhkəmənin qərarı ilə məntəqə tipli cəzacəkmə müəssisəsinə keçirilib. Bəziləri isə cəzasının qalan hissəsini çəkməkdən ötrü vaxtından əvvəl şərti olaraq azad edilib.
Qeyd edək ki, azadlığa buraxılan şəxslər müxtəlif maddələrlə məhkum olunmuşdu.
Orxan Həsənli