Dünyanı bürüyən yeni növ koronavirus (COVİD-19) pandemiyası Azərbaycandan da yan keçməyib.
Unikal.org xəbər verir ki, son həftələrdə isə ölkədə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bu artım fonunda isə Səhiyyə naziri Oqtay Şirəliyevin uzun illərdir dayanmadan təkrarladığı sözlərin reallıqla ziddiyyət təşkil etdiyinə şübhə qalmayıb.
Şirəliyev xeyli müddətdir rəhbərlik etdiyi sahədə hər şeyin qaydasında olduğu barədə təsəvvürlər yaratmağa çalışırdı. Onun "analoqsuz səhiyyəmizlə" bağlı dediklərinin quru söz yığınından ibarət olduğu isə artıq bütün çılpaqlığı ilə ortadadır: Xəstəxanalarda yer qıtlığı və çarpayı çatışmazlığı yaşanır, tibbi personalın sayı baxımından da durum ürəkaçan deyil.
Ən acınacaqlısı isə odur ki, vətəndaşlar zəruri dərman preaparatlarını tapa bilmədiklərindən gileylənirlər. Bunun üçün uzun-uzadı axtarış etməli olan insanlar həmin preparatları real qiymətindən dəfələrlə baha qiymətə almalı olurlar. Son günlər sosial şəbəkələrdən tutmuş real həyatacan hər yerdə "dərman mafiyası"nın özbaşınalıqları ilə bağlı artan giley-güzarlar dediklərimizin təsdiqidir.
Açığı, biz müəyyən situasiyalarda işbazların dövriyyəyə girib vəziyyətdən sui-istifadə hallarının çox şahidi oluruq. Məsələn, bayramlarda süni qiymət artımları adət halını alıb. Lakin koronavirus epidemiyasının yaratdığı ağır durumdan yararlanmağa çalışanların əməllərinə heç bir ad vermək mümkün deyil. Ən əsası, Oqtay Şirəliyev və nazirliyinin bu cür işbazlara "qaşın üstə qara var" deməməsi həm anlaşılmaz, həm də qəbuledilməzdir. Belə bir acı gerçəlik vətəndaşlarda həmin işbazları elə nazir və ətrafının himayə etdiyinə dair qənaətin formalaşmasına gətirib çıxarıb.
Vətəndaş fəryad edir; kimi normal vaxtlarda 10-12 manata aldığı adi C vitaminini artıq 30-35, kimi hər hansı başqa bir preparatı əvvəlkindən hətta 6-8 dəfə baha əldə etməsindən gileylənir.
Lakin Oqtay müəllim və nazirliyi susur!
Görünür, Şirəliyevin əlində daha vacib işlər (!) var. Bu yazını da elə onu AYILTMAQ məqsədilə qələmə alırıq ki, artıq vəziyyətin dözülməz şəkil aldığını görsün, bilsin və hərəkətə keçsin. Əlbəttə, əgər dərman bazarında at oynadan, pandemiyanı fürsətə çevirərək "qaz vurub qazan doldurmaqla" məşğul olan işbazlar yerini göstərməyə marağı və həvəsi varsa!
Üstəlik, bütün bu arzuolunmaz hallar Vətən müharibəsi boyunca və əldə etdiyimiz Böyük Qələbənin ardından ölkədə yaranmış, getdikcə daha da möhkəmlənən birlik və bərabərliyin fonunda baş verir. Səhiyyə Nazirliyi və onun rəhbərliyinin gözü qarşısında vətəndaşı soymağa girişən möhtəkirlərin hərəkəti həmin birlik və bərabərliyə birbaşa QƏSDDİR! Kimsə qüsura baxmasın: Bu QƏSDƏ göz yummaq, onu görməzdən gəlmək isə elə həmin möhtəkirlərin kirli əməllərinə şərik olmaqdır.
İllər uzunu Azərbaycan səhiyyəsinin durumu ilə bağlı inkişaf nağılları düzüb qoşan Oqtay Şirəliyev pandemiyanın ortaya çıxardığı real mənzərəyə bundan sonra da laqeyd yanaşmağa davam edəcəksə, öz işidir.
Lakin unudulmamalıdır ki, xəstəxanalardakı ağır durumun, "dərman mafiyası"nın vətəndaşı soyub-talamasının məsuliyyəti onun və nazirliyinin üzərindədir. Bu taleyüklü məsuliyyətə məsuliyyətsiz münasibət isə nazir və ətrafı üçün yaxın gələcəkdə yaxşı heç nə vəd etmir.
Orxan Həsənli