YAP Ağdaş rayon təşkilatı Şurasının onlayn iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclası YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq, möhtəşəm Qələbə münasibəti ilə iclas iştirakçılarını təbrik etdi. Bildirdi ki, Ali Baş Komandanımız, ölkə Prezidenti və Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı da, şübhəsiz ki, Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaqdı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Cavid Osmanov qeyd etdi ki, Prezidentimiz İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi oldu. Əmin olduğunu bildirdi ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir. Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.
Gündəlikdəki ikinci məsələ barədə danışan Cavid Osmanov vurğuladı ki, bu gün bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. Dünyada indiyə qədər 1 milyondan çox insan COVID-19-dan həyatını itirib, milyonlarla insan isə bu xəstəlikdən əziyyət çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ölkəmizin dünya ölkələri arasında qazandığı xüsusi hörmətin, Prezident İlham Əliyevin yüksək nüfuzunun, eyni zamanda Azərbaycanın bu qurumda və bölgədə aktiv rolunun göstəricisidir. Dünyanın qarşılaşdığı bu ağır durumda məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürülmüş və bu istiqamətlərdə əməli işlər görülmüşdür. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir. Məhz Prezident İlham Əliyevin qətiyyətli, önləyici və qabaqlayıcı tədbirləri nəticəsində koronavirusa qarşı mübarizədə Azərbaycan uğur qazanıb. Bu da dünya və Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının çağırışı ilə vətəndaşlar, sahibkarlar, təşkilatlar səfərbər olunub, ehtiyacı olan insanlar yardımlarla təmin edilmişdir. Dövlət tərəfindən sosial yardımlarla əlaqədar milyardlarla manat vəsait ayrılıb. Eyni zamanda Heydər Əliyev Fondu və fondun Prezidenti, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da bu istiqamətdə humanist təşəbbüslərlə çıxış edir, insanların ehtiyacları təmin olunur. Bu istiqamətdə dövlətin gördüyü işlərə vətəndaşların da məhsuliyyətli yanaşması vacib məsələdir. Biz xalq olaraq Covid-19-un birinci dalğasında da, həmçinin İkinci Qarabağ savaşında da birliyimizi nümayiş etdirib mübarizədə qalib gəlməyi bacardıq. İlk növbədə məhsuliyyət ön planda olmalıdır. Əks təqdirdə ölkəmizin səhiyyə və iqtisadiyyatına ciddi təsir dəyəcəkdir. 4000 həddində yoluxma onu deməyə əsas verir ki, bundan sonra sosial həyatımızda atacağımız addımlar düşünülüb atılmalıdır. Sosial məsafəni gözləmək mütləqdir. Cəmiyyət olaraq Covid-19-ilə mübarizədə birlik nümayiş etdirib virusa qalib gəlməliyik. Çünki bizim işğaldan azad olunmuş torpaqlarımızda görəcəyimiz hələ çox işlər var.
Cari məsələlərdən danışan Cavid Osmanov rayon təşkilatı Şurasının və Aparatının görəcəyi işlərə toxundu və müvafiq tapşırıqlar verdi.
Rayon təşkilatının Aparat rəhbəri İsa Eminov rayon təşkilatının qərargahında hər gün 3 ərazi ilk partiya təşkilatının sədri ilə işgüzar görüşlərin keçirilməsi barədə Şura üzvlərinə məlumat verdi.
Çıxış edən Şura üzvləri rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva, sədr müavinləri Hürü Əliyeva və Qalib Həsənov, Ağdaş şəhər ilk partiya təşkilatının sədri Şəhla Hacıbalayeva Vətən müharibəsindəki şanlı qələbə münasibəti ilə təbriklərini çatdırdılar. Müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər. Qeyd olundu ki, Azərbaycan xalqının bir nümayəndəsi kimi hər birimiz xalqının maraqlarını hər zaman hər şeydən üstün tutan müzəffər Ali Baş Komandanımızın ətrafında daim sıx birləşəcəyik.