Əli Həsənovdan bəyan: "Biz hər seçkidə ciddi rəqabət gözləyirik"
11:37 10-01-2013
CƏMİYYƏT
Əli Həsənovdan bəyan: "Biz hər seçkidə ciddi rəqabət gözləyirik"
"Ən əsas məsələ xalqın etimadını doğrultmaq və xalqın verdiyi mandata layiqincə xidmət göstərməkdir"
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov 2013-cü ildə keçiriləcək prezident seçkiləri və mövcud ictimai-siyasi durum barədə deyib ki, "Hakimiyyət komandasında hər hansı dəyişikliyin olacağını, hər hansı ciddi ictimai-siyasi, yaxud digər addımların atılacağını proqnozlaşdırmaq doğru deyil.
Hakimiyyət komandası sabitdir, prezident İlham Əliyev ölkəni 10 ildir bu komanda ilə idarə edir və bu komanda ilə ölkənin dinamik inkişafına nail olub. Ona görə də 2013-cü ildə hakimiyyət daxilində hər hansı dəyişiklik gözləmək əbəsdir. Ötən 9 ilin yekunu olaraq bütün dövlət proqramları, islahatlar həyata keçirilib. Dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu 10-cu ildə həyata keçirilən işlərin yekunlaşdırılması mərhələsi gedir. Hesab edirəm ki, 2013-cü il bütövlükdə 10 ildə görülən işlərin yekunu olaraq proqramların, işlərin tamamlanması və qarşıdan gələn illər üçün yeni, daha perspektivli dövlət proqramlarının qəbul edilməsi ili olacaq. Düşünmürəm ki, 2013-cü ildə hakimiyyət daxilində ciddi dəyişikliklər olacaq".
Onun sözlərinə görə, "Azərbaycanın hazırkı Seçki Məcəlləsi Avropa Şurası, ATƏT və onların tərkibində olan institutların iştirakı ilə hazırlanıb. Müasir demokratik seçki prinsiplərinin əksər tələbini məcəlləyə daxil etmişik. Ona görə də 2013-cü ildə Seçki Məcəlləsində radikal dəyişikliklər ediləcəyi, seçki komissiyalarının yenidən formalaşdırılacağı, seçki institutlarının tərkibinin hansısa radikal şəkildə dəyişdiriləcəyi haqda proqnozların heç bir əsası yoxdur. Azərbaycan bu məcəllə ilə neçə ildir seçki keçirir, dünyanın demokratik seçki institutları da bu seçkiləri müşahidə edir. Bəzi nöqsanlar istisna olmaqla bütövlükdə hazırkı məcəllə ilə və bu komissiyalarla demokratik seçkilərin keçirilməsi artıq ehtimal deyil, reallıqdır. Ona görə də düşünmürəm ki, Seçki Məcəlləsinə hər hansı dəyişiklik edəcəyik, yaxud seçki komissiyalarının tərkibində hər hansı dəyişiklik olacaq. Seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılır, komissiyalarda iqtidar partiyasının, parlamentdə azlıqda qalan partiyaların nümayəndələri, eləcə də siyasətlə məşğul olmayan bitərəflərin nümayəndələri təmsil olunur. Hesab edirik ki, Azərbaycanın mövcud şəraitində yaradıla biləcək ən münasib, ən optimal seçki komissiyalarıdır. Biz bu komissiyalarla, bu məcəllə ilə növbəti seçki keçirəcəyik. Növbəti seçki də dünyanın demokratik seçki prinsiplərinə cavab verəcək".
Dövlət rəsmisi qeyd edib: "1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən bütün seçkilərin iştirakçısı olmuşam. İlk təcrübəmiz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ilk dəfə prezident seçildiyi seçki olub. Biz indiyə qədər keçirdiyimiz seçkilərin heç birinə səthi yanaşmamışıq. Heç birində lovğalanıb söyləməmişik ki, bu seçkidə biz çox asanlıqla qələbə qazanacağıq. Hər bir seçki hakimiyyətdən ciddi, məsuliyyətli addımlar tələb edir. Biz 2013-cü ilin prezident seçkisinə də ciddi, məsuliyyətli bir proqramla gedirik. Bu proqramın əsasında dövlət başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlər, prezident olaraq həyata keçirdiyi daxili, xarici siyasət, ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının reallaşması iradəsi dayanır. Proqramımızın ən əsasını isə xalqın etimadını doğrultmaq təşkil edir. Bu gün İlham Əliyev üçün də, onun komandası üçün də ən əsas məsələ xalqın etimadını doğrultmaq və xalqın verdiyi mandata layiqincə xidmət göstərməkdir. Ona görə 2013-cü il seçkisinə də biz sadə, suiçimi kimi bir proses kimi baxmırıq. Biz 2013-cü il seçkisinə hazırlaşırıq, bu seçkidə də xalqın arasına gedəcəyik. Necə ki, 10 il ərzində xalqın arasına çıxmışıq, yenə xalqa öz hesabatımızı verəcəyik. Əslində bu hesabat hər il, ildə dörd dəfə verilir. Biz hər seçkidə ciddi rəqabət gözləyirik, belə rəqabət indiyə qədər olub və bundan sonra da olacaq. İnanıram ki, bu seçkini də biz məsuliyyətlə başa vuracağıq. O ki qaldı İlham Əliyevin qalib gəlməsini proqnozlaşdırmağa, əlbəttə ki, bizim də öz sorğu mexanizmlərimiz var. Bunlar həm daxili sorğu mexanizmləri, həm də xarici sorğu mexanizmləridir, tərəfsiz araşdırma mərkəzləridir. Biz də onlara söykənərək deyirik ki, İlham Əliyev Azərbaycan xalqı tərəfindən, Azərbaycan seçiciləri tərəfindən dəstəklənir və bu seçkidə də onun qələbəsinə şübhə etmirik. Amma şübhə etmirik demək o demək deyil ki, biz seçkiyə hazırlaşmırıq. Hazırlaşırıq, bu seçkidə qalib gəlmək üçün fəaliyyət göstəririk".
Şakir
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00