"Böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə  müəyyən etdiyi, ölkəmizin inkişafının və yeniləşməsinin əsasını təşkil edən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan son 17 il ərzində dünyanın  ən çox uğurlu islahatlar həyata keçirən ölkələrindən birinə çevrilib, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib və dövlətin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib".

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib. Onun sözlərinə görə, dövlət başçımızın həyata keçirdiyi siyasətin başlıca hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılmasından ibarətdir. Məhz bu siyasətin  əzm və böyük iradə ilə həyata keçirilməsi sayəsində müxtəlif beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycan ən uğurlu islahat keçirən dövlətlərdən biri kimi qeyd olunur. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın inkişaf dinamikasını daha da yüksəldir, ölkəmiz əmin addımlarla irəliləyir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etdirilməsi, çağdaş dünyanın tələb və şərtlərinə cavab verən müasir iqtisadi sistemin yaradılmasına eləcə də müasir iqtisadi, sosial, mədəni infrastrukturun formalaşdırılmasına xidmət edir. Modern cəmiyyət quruculuğu, həyatımızın bütün sahələrini əhatə edən dərin islahatların həyata keçirilməsi, infrastruktur layihələrin çevik icra olunması və sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi nəticəsində şəhər və kəndlərimizin görünüşü əsaslı şəkildə dəyişib. Cəsarətlə demək olar ki, Azərbaycanın siması dəyişib və xalqın sosial rifahı təmin edilib . İlham Əliyevin prinsipial mövqeyi sayəsində bu gün dünyanın ən uğurlu dövlətlərindən biri kimi qəbul olunan Azərbaycanın işıqlı gələcəyinə  olan inam beynəlxalq birlikdə bizə çoxlu tərəfdaşlar qazandırıb.

Ağalar Vəliyev vurğulayıb ki, bu gün dövlət başçımız İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycana dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazandırıb. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Bu ölkəmizin mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlığa və təhlükəsizliyə verdiyi əhəmiyyətli töhfələrdən danışarkən ölkəmizin iqtisadi baxımdan regionda həlledici rola malik olduğunu da xüsusi qeyd etmək lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan qlobal xarakterli layihələrin nəticələrini göstərmək olar. Bütün bunlar onu göstərir ki, İlham Əliyevin rəhbərliyi altında aparılan müstəqil xarici siyasət ölkəmizi beynəlxalq münasibətlər sisteminin layiqli üzvünə çevrilib.

Deputat söyləyib  ki, Prezident İlham Əliyevin daxili siyasətində humanizm prinsipləri, insan amilinin aliliyi, xalq – iqtidar birliyi və cəmiyyətdə multikulturalizm ənənənlərinin inkişaf etdirilməsi vacib yer tutur. Məqsədyönlü siyasətin həyata keçirilməsi “güclü dövlət ” konsepsiyasını gerçəkliyə çevirib. İnamla demək lazımdır ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan xalqının maraqlarını  ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi liderdir.

Milli Məclisin üzvü bildirib ki, İlham Əliyev praqmatik siyasətçidir, regionda baş verən hadisələri dəqiq qiymətləndirir. Təsadüfi deyil ki, oktyabr ayının 9-da  xalqa müraciətində O  demişdi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır”. Bu inamın nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında aparılan 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi və işğalçı ölkə kapitulyasiya aktına imza atmağa məcbur edildi. Xalqımız Ulu öndər Heydər Əliyevin arzu etdiyi qələbə sevincini dadmış oldu. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi hələ də çoxlarımıza yuxu kimi gəlir. Prezident İlham Əliyev Vətən Müharibəsində qazanılan zəfərlə  milli dövlətçilik tariximizdə parlaq səhifə yazdı və  böyük dövlət xadimi zirvəsinə yüksəldi. Ali Baş Komandan ölkəmizin ərazi bütövlüyünü bərpa edən lider kimi adını tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq dastanını yaratdı və Vətən Müharibəsinin qəhrəmanına çevrildi. Torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması ilə başa çatan Vətən Müharibəsi bir daha sübut etdi ki , Müzəffər Ali Baş Komandan İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.

Ağalar Vəliyev qeyd edib ki, İlham Əliyev sözün bütün mənalarında xoşbəxt dövlət başçısı və siyasi xadimdir. Onun həyata keçirdiyi və xalqının mənafeyini hər şeydən üstün tutan siyasəti insanlar tərəfindən yüksək qiymətləndirilir, rəğbət hissi ilə qarşılanır. Vətəndaşlarımızın öz liderinə böyük hörməti və etimadı var. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan XXI əsrdə ən uğurlu gənc dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Siyasətçinin xoşbəxtliyi hər şeydən öncə onun əməli fəaliyyətinin uğur qazanması ilə ölçülür. Qarşıda bizi işğaldan azad edilmiş torpaqlarda böyük quruculuq işləri gözləyir. Prezident  İlham Əliyev zaman etibarı ilə dövlətimizə  nə qədər çox rəhbərlik edəcəksə, Azərbaycan bu rəhbərlikdən o qədər çox faydalanacaq.

Elvin Rüstəmli