Oqtay Şirəliyevin nazirliyində kampaniyaçılıq
23:34 10-01-2013
İQTİSADİYYAT
Oqtay Şirəliyevin nazirliyində kampaniyaçılıq
Bəlağətli devizlərlə keçirilən səhiyyə aylıqları ilə nəyə nail olmaq mümkündür?
Dekabrın 1-dən Səhiyyə Nazirliyi tərəfindən "Sağlam həyat uğrunda" devizi ilə keçirilən aylıq vətəndaşlarda narazılıq yaradıb. Nazirlik hər nə qədər rəsmi açıqlamalarında aylığın uğurla keçdiyi və bu çərçivədə minlərlə vətəndaşa pulsuz müayinə göstərildiyini iddia etsə də, gələn xəbərlər başqa cür qənaət yaradır.
Elə ki, təkcə paytaxtın özündə "Sağlam həyat uğrunda" devizi ilə keçirilən aylıq zamanı ayrı-ayrı dövlət tibb müəssisələrində vətəndaşlardan müayinə üçün pul alındığı bildirilir. Doğrudur, əvvəlkindən fərqli olaraq, bu dəfə həkimlər xəstələrdən konkret məbləğ tələb etməyiblər, amma əvəzində bunu vətəndaşın öz ixtiyarına buraxdıqlarına işarə vurublar.
Belə müayinələrdən birində iştirak edən vətəndaşlardan birinin bildirdiyinə görə
isə o, həkimlərin könülsüz müayinəsinə və xəstələrə qarşı başdansovdu, əsəbi münasibətinə şahid olduqdan sonra getdiyi dövlət xəstəxanasını tərk edib.
Sözügedən aylığın formal xarakter daşıdığını və daha çox statistika üçün nəzərdə tutulduğunu rəsmi məlumatlar da təsdiqləyir. Məsələn, belə rəsmi məlumatlardan birində bildirilir ki, ""Sağlam həyat uğrunda" devizi ilə keçirilən aylıq çərçivəsində Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun aparıcı mütəxəssisləri Gəncədə tibbi müayinələrə başlamışlar. Qısa vaxtda 100-dən çox xəstə qəbul edən həkimlər onları müayinədən keçirərək məsləhət və tövsiyələrini vermişlər".
Bu məlumatda iki çarpıcı məqam var. Əvvəla, qısa vaxtda 100-dən çox xəstəni həkimlər necə qəbul edə bilərdilər? Qısa vaxtda bu qədər xəstə bir neçə həkim tərəfindən necə həm müayinədən keçirilir, həm də onlara məsləhət və tövsiyələr verilir? Bu, aylığın əslində formal xarakter daşıdığının göstəricisi deyilmi?
İkincisi, Gəncədəki tibbi müayinəni aparan həkimlər Bakıdan gediblər. Belədə onların
"məsləhət və tövsiyələrinə", təyin etdikləri müalicənin sonrakı gedişinə nəzarət necə olacaq? Bu cür aylıq keçirilən zaman hər bölgənin öz mütəxəssislərinin bacarıqlarından faydalanması doğru olmazmı?
Əlbəttə, doğru olar, amma dərd burasındadır ki, onsuz da bölgələrdə həkimlərə etimad azdır, üstəlik, yüksək səviyyəli kadr çatışmazlığı. Oqtay Şirəliyevin nazirliyi isə bu problemi yoluna qoymaq əvəzinə formal aksiyalarla gözdən pərdə asmağı üstün tutur.
Ümumiyyətlə, Səhiyyə Nazirliyi belə kampaniyaçılıqdan vaz keçməli və səhiyyənin həllini gözləyən taleyüklü problemlərini çözməlidir ki, xalq il ərzində hansısa bir-iki "sağlamlıq aylığı"na möhtac qalmasın. Məsələn, Şirəliyevin nazirliyi dövlət xəstəxanalarında pulsuz tibbi xidmətlə bağlı qərarın arxasında dursa, onun kağız üzərində qalmamasını təmin etsə, vətəndaşların belə formal sağlamlıq aksiyalarına ehtiyacı olarmı?
Və ya icbari tibbi sığortanın həyata keçirilməsinin gecikdirilməsi. Məlumdur ki, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib
hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Daha doğrus, təmin etməlidir. Amma edirmi?
Daha nə qədər bunu kimi həlli vacib problemlər varkən Oqtay Şirəliyevin nazirliyi onları yoluna qoymaq yerinə, formallığa can atır. Hansısa kampaniyaçılıqla vəzifəsini bitmiş sayır.
Sonra da deyirik, camaat şəfa tapmaq üçün niyə İrana üz tutur?
Üz tutmayıb neyləsinlər, səhiyyənin ən önəmli problemlərinin həlli əvəzinə hansısa bəlağətli devizlər altında aylıqlar keçirməklə məşğul olan bir nazirliyin olduğu ölkədə başqa nə etmək olar ki?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40