Əlcazairdə yerləşən Çin səfirliyi və ABŞ səfirliyi arasında diplomatik gərginlik yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ səfirliyi sosial şəbəkə hesablarında ABŞ-dakı restoranlardan birində müştərilərin xidmətlə yanaşı, Çinin Sintszyan-Uyğur muxtar rayonunda insan haqlarının pozulması və uyğur əhalisinə təzyiqlər barədə məlumatlandırıldığını əks etdirən paylaşım edib. Çin səfirliyi ABŞ diplomatik missiyasının bu addımını Çinin daxili işlərinə qarışmaq və nüfuzunu ləkələmək kimi qiymətləndirib. Bunun yerinə ABŞ-ın müsəlman vətəndaşlarının 75 faizini dini ayrıseçkiliyə məruz qoyduğu haqda düşünmək lazım olduğu bildirilib.
Diplomatik qalmaqal davam edir.
Qeyd edək ki, Çində 1 milyondan çox uyğurun milli identifikasiya və mədəniyyətinin unutdurulması üçün iradələrinə zidd olaraq "peşə təlim mərkəzləri" və "siyasi maarif mərkəzləri"ndə saxlandığı, bu düşərgələrdə insanların assimilyasiya edildiyi və işgəncələr gördüyü ilə bağlı beynəlxalq hesabatlar mövcuddur. BMT-nin Çinə bu mövzuda göndərdiyi sorğuların cavabsız qaldığı və oradakı insanların taleyinin naməlum qaldığı bildirilir.