Dünyada COVID-19 virusuna yoluxanların sayı 85 milyon nəfəri ötüb.
Unikal.org xarici KİV-ə xəbər verir ki, yanvarın 2-də dünya üzrə koronavirus infeksiyasına 551 min 875 yeni yoluxma aşkarlanıb. Həmçinin 8 min 296 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. Bununla da dünyada koronavirusa yoluxanların sayı ümumilikdə 85 milyon 34 min nəfərə, ölənlərin sayı isə 1 milyon 844 min 859 nəfərə çatıb. Eyni zamanda, 60 milyon 166 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 23 milyon xəstədən 106 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Dünyada koronavirusa yoluxanların təxminən 23 faizi Birləşmiş Ştatların payına düşür - 20 milyon 904 min nəfər. Hindistanda 10 milyon 324 min, Braziliyada 7 milyon 716 min, Rusiyada 3 milyon 236 min, Fransada isə 2 milyon 643 min yoluxma qeydə alınıb.
Koronavirus infeksiyasından ölüm hallarının təxminən beşdəbiri bu göstəriciyə görə də birinci yerdə qərarlaşan ABŞ-da qeydə alınıb – 358 min 682 nəfər. İlk beşliyə daxil olan Braziliyada 195 min 742, Hindistanda 149 min 471, Meksikada 126 min 851, İtaliyada 74 min 985 nəfər koronavirus səbəbindən həyatını itirib.
Ümumilikdə dünyada koronavirusa yoluxanların təxminən yarısı (46 faizi) üç ölkənin – ABŞ, Hindistan və Braziliyanın, ölənlərin 45 faizi dörd ölkənin ABŞ, Braziliya, Hindistan və Meksikanın payına düşür.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.