Ermənistanın baş naziri Nikol Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqalə yazıb. Məqalə onun rəsmi saytında yerləşdirilib.
Unikal.org xəbər verir ki, Paşinyan məqaləsində Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə yazıb. Fiaskonun əsas səbəbkarlarının Köçaryan-Sarkisyan cütlüyü olduğunu göstərib.
Onun fikirlərindən belə qənaət hasil olunur ki, uzun illər danışıqların imitasiyası yalnız zamanın uzadılmasına xidmət edib, Ermənistan bir addım belə istəyinə doğru irəliləməyi bacarmayıb, Azərbaycan isə əksinə, diplomatik cəbhədə, danışıqlar prosesində, informasiya müharibəsində, iqtisadi və hərbi güc kontekstində böyük uğurlar əldə edib.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunub.
Paşinyan etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib.
Məqalədə münaqişənin tənzimlənməsi ilə əlaqədar müxtəlif formatlarda aparılmış danışıqlarda guya Ermənistan diplomatiyasının “mühüm uğurlar” əldə etməsi barədə Ermənistan cəmiyyətində illərlə formalaşdırılmış fikrin əslində, illüziya, mif olduğu etiraf edilib.
Bundan əlavə, məqalədə Azərbaycanın bölgədəki prosesləri diqqətlə izlədiyi və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalandığı bildirilib.
Paşinyan keçmiş prezident Serj Sarkisyanın hələ 2011-ci ildə 7 rayonu Azərbaycana qaytarmağa razı olduğunu xatırladıb, lakin Dağlıq Qarabağa status verilməməsi ilə bağlı Azərbaycanın qəti mövqeyinin olduğuna görə, Kazan formulunun baş tutmadığını diqqətə çatdırıb.
Məqaləsində Paşinyan üzərinə hücuma keçənlərə xatırladır ki, ona böyük uğursuzluqlar miras qalıb. O, açıq mətnlə etiraf edir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib.
Eləcə də Paşinyan Ermənistan cəmiyyətinə hələ 1996-cı ildəki Lissabon sammitində Heydər Əliyevin Ermənistanı necə çıxılmaz vəziyyətdə saldığını yada salıb və bu sammiti Ermənistanın dünyada tək qalmasının əyani nümunəsi kimi misal çəkib.
Daha sonra o, Azərbaycanın ardıcıl səyləri ilə Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasının tarixçəsinə ekskurs edib, hətta Rusiyanın son illərdəki təkliflərində də status məsələsindən bəhs olunmadığını vurğulayıb.
Paşinyan Aprel döyüşlərində də uğursuzluğun olduğunu etiraf edib. O, hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etdiyini, lakin hər şeyin artıq gec olduğunu deyib.
Bununa yanaşı, Paşinyan 2020-ci ilin “iyul döyüşləri”nin guya Ermənistanın xeyrinə olduğunu iddia edir və bundan ürəkləndiklərini dilə gətirib. Lakin etiraf edib ki, Azərbaycanın güc və imkanlarını düzgün hesablamayıblar.
Paşinyan sentyabrdakı müharibə qərarının yalnız ona məxsus olmadığını, bu qərarın Ermənistan hakimiyyətində geniş müzakirə edildiyini, kollektiv şəkildə verildiyini deməklə, məsuliyyətdən də boyun qaçırmağa çalışır.
Sözügedən məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi də qiymətləndirilə bilər. Ancaq Paşinyan bu amillərin gələcəyə realist baxışda nəzərə alınmasını istəməklə, bir növ öz cəmiyyətini nəticələrlə, Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırır.