ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Vaşinqton polisinin rəhbəri bildirib.

***

05:02

Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalının hadisə yerində olan əməkdaşı bildirib.

Məlumata görə, onlardan biri ağır vəziyyətdədir. Qeyd edilir ki, atışma zamanı sinəsindən ağır xəsarət alan qadın da xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

***

00:07

ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edilir ki, polis Trampın tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

Polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb.

Yerli mətbuatın məlumatına görə, Konqresin binası polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Buna baxmayaraq, Trampın tərəfdarları binaya daxil olmağa cəhd göstərirlər.

ABŞ Senatı Konqres qarşısındakı etirazlara görə, iclasını yarımçıq dayandırıb.

Senator Lenkford bildirib ki, etirazçılar Kapitoli binasına soxulublar və Senatın zalını əhatəyə alıblar.