Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində əsgərlərimizin erməni təcavüzünə və terroruna qarşı rəşadətlə vuruşaraq əldə etdiyi şanlı qələbə müstəqillik tariximizə yazılan ən şərəfli və şanlı səhifələrdəndir.
Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumatda bildirilir ki, lakin müharibənin törətdiyi fəsadlar qazilərimizdə, o cümlədən doğmalarını itirən şəhid ailələrində, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlarda öz mənfi təsirini də göstərir: posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, yuxusuzluq, suisidal fikirlər, aqressiya və digər bu kimi halların yaranmasına da səbəb olur: "Bu Vətəndaşlarımızın həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir. Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər. Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 nəfər mütəxəssis psixoloq dəvət olunub. Turkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.
Ümid edirik ki, cəmiyyətimizin əsas sütunlarından olan həmrəylik və mərhəmət bir-birimizə dəstək olmağa, müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldırmağa kömək edəcək".