Türkiyənin Bursa vilayətindəki Heydər Əliyev Parkında Yıldırım bələdiyyəsi tərəfindən genişmiqyaslı təmir-bərpa işləri aparılır. Qeyd edək ki, 2008-ci ilin iyun ayında Abşeron rayonu ilə qardaşlaşmış şəhər elan edilən Bursa vilayətindəki "Qapalı Qaya" massivində salınan Heydər Əliyev Parkı yerli sakinlər, eləcə də şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Unikal.org xəbər verir ki, Yıldırım bələdiyyəsinin sədri Oktay Yılmazın göstərişi ilə parkda sıradan çıxmış daşlar yenilənib, yeni oturacaqlar quraşdırılıb, ərazidə həmişəyaşıl ağac və gül kolları əkilib. Ümummilli lider Heydər Əliyevin abidə kompleksinin ətrafı yenidən abadlaşdırılıb.
Türkiyə-Azərbaycan qardaşlığının müqəddəsliyini və sarsılmazlığını bütün dünya bir daha II Qarabağ müharibəsində yenidən gördü. Türk dünyasının böyük lideri Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Ulu öndər Heydər Əliyevin də “Bir millət, iki dövlət” fikirləri yenidən öz təsdiqini tapmış oldu.
Ulu öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib, o cümlədən dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edib. Heydər Əliyevin bu siyasəti hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri günü-gündən inkişaf edir və iki qardaş ölkə tarixi layihələrə imza atır.
"Qapalı Qaya" massivində salınan Heydər Əliyev Parkı da qardaşlığımızın Bursada ki, bariz nümünəsidir. Abşeron Rayon İcra Hakimiyyəti qardaşlaşmış Bursa vilayətinin sakinlərinə və Yıldırım bələdiyyəsinin sədri Oktay Yılmaza təşəkkürünü bildirir və gələcək işlərində uğurlar arzulayır.