Pandemiya dövründə bir çox iş yerlərinin bağlı olduğu, insanların maddi rifahının çətinləşdiyi bir dönəmdə Bakıda yeni dələduzlar peyda olub. 

Belə ki, elan saytları vasitəsilə kirayə mənzil axtaran şəxslər bir, bəlkə də bir qrup dələduzun toruna düşür. Kirayə mənzil elanı yerləşdirilən saytlardan birində özünü ev sahibi kimi təqdim edən şəxs yaxşı şəraiti olduğu fotolardan görünən mənzilləri nisbətən ucuz qiymətlə təklif edirlər. Digər mənzillərlə müqayisədə şəratinə görə qiymətinin nisbətən əlverişli olduğunu görən müştərilər dərhal həmin şəxsin saytda qeyd etdiyi nömrə ilə əlaqə saxlayırlar. Hər şey də bundan sonra başlayır.

Bu mənzilin ailə üçün lazım olduğunu öyrənən dələduzlar, elə onlara da evdə ailənin yaşamağının sərf etdiyini bildirərək müştəridən nigah kağızı tələb edirlər. Fürsəti əldən vermək istəməyən əksər müştəri isə tələbə uyğun olaraq dərhal nigah kağızınının şəklini çəkib göndərmək məcburiyyətində qalır. Əslində dələduz(lar) müştəridən nigah haqda sənədin üzünü tələb etməklə təcili mənzil axtaran müştərinin inamını qazanaraq növbəti tələbini irəli sürür.

Müştəriyə saytda məlum elan səbəbindən telefonuna gələn zənglərin ardı-arasının kəsilmədiyini bildirən şəxs, mənzili başqasına verməmək üçün ondan beh göndərməyini istəyir. Bir tərəfdən evin əla vəziyyətdə olması və digər mənzillərlə müqayisədə ucuz qiymətə verilməsi, digər tərəfdən də nigah kağızına kimi tələb edilməsi müştəriyə "sahibkar"a inanmamaq üçün bir yer qoymur. Və beləcə tələb edilən məbləğ (beh) həmin şəxsin bank kartına köçürülür. Soyuq aylarda kirayə mənzil axtaran müştəri isə dələzduzların qurbanı olduğunu həmin nömrəyə nə zəng, nə də mesaj çatmayanda anlayır.

Bu halla bağlı artıq müraciət daxil olub. Məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə müraciət edilib. (milli.az)