Azərbaycanda 30 minə yaxın erməninin yaşaması vaxtaşırı gündəm mövzusu olur. Cəmiyyətdə hətta onların bir qisminin yüksək dövlət vəzifələri tutması barədə fikirlər dolaşır. 44 günlük Vətən müharibəsindən sonra sülhün təmin edilməsi və birgəyaşayış müzakirələri bu mövzunu yenidən aktuallaşdırır.

Bu barədə Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, Azərbaycanda 30 minə qədər erməninin yaşamasıyla bağlı məsələ hər zaman deyilib. Onun sözlərinə görə, əgər onlar Azərbaycanda yaşayırlarsa və heç bir ayrıseçkiliyə məruz qalmırlarsa, təbii ki, onların vəzifədə işləməsi də mümkündür:

"Bildiyimə görə, yüksək vəzifə tutanlar da var. Böyük vəzifə tutanlar mediada bu və ya digər şəkildə səsləndirilir. Mən bunun nə qədər haqlı olub-olmadığını deyə bilmərəm. Amma istisna etmirəm ki, Azərbaycanda çox yüksək vəzifədə çalışan erməni kökənli adamlar ola bilər. Məsələnin ikitərəfli yanaşmaya ehtiyacı var. Birincisi, Azərbaycanın konstitusiyasına və qanunvericiliyinə görə insanların milliyətinə, şəxsiyyətinə baxıb vəzifəsindən kənara atmaq, vəzifəyə götürməmək, onlara qarşı ayrıseçkilik etmək olmaz. İkincisi isə mənəvi məsələdir".

Razi Nurullayev hesab edir ki, erməni əsilli insanların vəzifədə işləməsi və Azərbaycan xalqına xidmət etməsinə xalqımız inanmır: "Düşünürlər ki, onlar heç vaxt Azərbaycan xalqının, insanlarının maraqlarını nəzərə ala bilməzlər. Ermənilərin Azərbaycana xidmət etməsi inandırıcı deyil. Onun üçün də o cür insanlardan xidmət almaq və yaxud onları vəzifədə görmək, onlara hər hansı bir xidmətin göstərilməsi üçün müraciət etmək Azərbaycan vətəndaşları üçün ağrılı və mənəvi cəhətdən çox çətin bir prosesdir. O baxımdan xalqımızın gözündə bu hal arzuolunan, istənilən hal deyil. İndiki halda hər bir ailədə şəhid var, yaralı var. İnsanlar 30 ildə böyük məşşəqətlərdən keçiblər. İndi bu məşşəqətləri yaşadan bir toplumun - ermənilərin nümayəndələrinin Azərbaycanda olması və Azərbaycan xalqına xidmət etməsi kimi məsələ inandırıcı və yaxşı təsir bağışlamır. Təəssüflər olsun ki, bu belədir. Onun üçün də bu, indiki halda mümkün deyil. Amma fakt faktlığında qalır ki onlar vəzifələrdə var, Azərbaycan xalqına nə dərəcədə xidmət edib-etmədikləri də sual mövzusudur".

Coşqun Əli