Ölkəmizdə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir.
Unikal.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2020-ci ildə istifadəyə verilən e-imza tokeninin sayı 17 min 756 olub. Bu e-imza daşıyıcılarından 9 min 838-i dövlət qurumlarının, 4 min 990-ı sahibkarların, 2 min 928-i isə fiziki şəxslərin payına düşür. Beləliklə, 2019-cu il ilə müqayisədə 2020-ci ildə verilmiş e-imza tokenlərinin sayı 32% çoxdur.
Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı isə 2 min 58 olub.
E-imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Belə ki, 2020-ci ildə 8 milyona yaxın əməliyyat aparılıb. Onlardan 85%-i dövlət qurumlarının payına düşür. Bu da 2019-cu illə müqayisədə 93% çoxdur.
Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır.