İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ötən illərdə olduğu kimi, 2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyətini davam etdirib.
Bu barədə Unikal.org-a nazirlikdən bildiriblər. Qeyd edilib ki, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdrilməsinə 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan verir.
2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79%-i regionların, 21%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Sahibkarların güzəştli kreditləşdirilməsi bu ildə də davam etdiriləcəkdir.