Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan Şuşa şəhərinə səfərləri ilə bağlı növbəti paylaşım edib.
Unikal.org xəbər verir ki, paylaşımdakı videoda dövlət başçısı bildirib:
"Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bax burada və bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq artıq vətəndaşlar - xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya gəlmək üçün rahat təyyarə ilə gələ bilərlər".
"Bununla paralel olaraq göstəriş verildi ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin. Və eyni zamanda Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün buraya gəlib buradan rahat gedə bilərlər: Lənkərandan, Naxçıvandan, Gəncədən və bizim digər şəhərlərimizdən. İndi isə istiqamət Şuşa şəhəri və yol boyunca əlavə məlumat veriləcək", - Prezident İlham Əliyev əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.