Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik.

Bu barədə Unikal.org-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əminamanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır.