"Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb".
Unikal.org xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra bildirib.
"Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim", dövlət başçısı bildirib.