Ötən il Vətən müharibəsi başlayan ərəfədə Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, həmçinin bir çox evə və mülki obyektə ciddi ziyan dəyib.
Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə raketlərlə atəş açması onların çirkin niyyətlərindən heç zaman əl çəkməyəcəklərinin bariz nümunəsi idi. Bu vəhşiliklər istər-istəməz Xocalı soyqırımını xatırladır. Müharibənin sonrakı gedişi hər kəsə bəllidir və düşmən darmadağın edilərək torpaqlarımızdan qovuldu.
Dünyada belə iyrənc, qəddar, vəhşi hərəkətləri yalnız ermənilər edə bilər. Lakin bu vəhşilikləri etmələrinə baxmayaraq, onlar beynəlxalq təşkilatlar tərəfindən hələ də cəzasız qalıblar. Nəhayət, onların burnu ovuldu, başları əzildi, qısaca desək, dərsləri verildi. Çətin ki, bir də özlərinə gələ bilələr.
Ölkə başçısı İlham Əliyev hələ Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyirdi:
“Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır”.
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “İnsanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanıyıb və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilib. Sonrakı illərdə ABŞ-ın 20-yə yaxın ştatı və digər ölkələr, eləcə də beynəlxalq təşkilatlar da belə bir addım atıb. Onu da vurğulamaq lazımdır ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu məsələdə xidmətləri kifayət qədər böyükdür. Fond bu günədək bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə bağlı faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.
Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, foto-sənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biridir. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilib. Heç şübhəsiz ki, zəngin faktlara və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırır.
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində əməli addımlar atırlar. Soyqırımı günü hər il diaspor təşkilatları nüfuzlu Avropa ölkələrində mitinqlər, nümayişlər təşkil edir, həmin ölkələrin ictimaiyyətinin diqqətini bu məsələyə yönəldərək faciəni törədənlər barədə geniş məlumatlar verirlər. Hazırda Azərbaycan dövləti və cəmiyyəti öz inkişafında quruculuq və yüksəliş dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız zəfərdən sonra bizi azad olunan torpaqlarımıza “Böyük Qayıdış” gözləyir. Artıq bu istiqamətdə işlərə start verilib. Təbii ki, bu qələbəyə görə biz ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə şəfa tapsın. Xocalı soyqırımını törədənlər Ədalət Məhkəməsində cavab verməlidir.
Əliabbas Salahzadə,
Millət vəkili