“İnteqrasiya məsələsinə gəldikdə isə, biz bundan sonra da müxtəlif variantlar təklif etməyə hazırıq. Məsələn, bu gün mən bilirəm ki, su ehtiyatlarının idarə edilməsi məsələsi müzakirə olunur. Bəs bütün bu illər ərzində bu məsələ niyə həll edilmirdi? Nə üçün ərazilərimizi işğal edərək Sərsəng su anbarından bizə gələn suyu bağlamışdılar? Yaxud nə üçün qış vaxtı suyun qabağını açıb daşqınlar törədir, yayda isə bağlayırdılar ki, bizim kənd sakinləri öz torpaqlarını suvara bilməsinlər. Artıq biz Suqovuşan su anbarını özümüzə qaytarmışıq və bu gün tamam başqa vəziyyət yaranıb. Bəli, bu gün onlar bizdən xahiş edirlər. Buna görə də burada enerji təhlükəsizliyi ilə bağlı məsələlər çox olacaq”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, bütövlükdə Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Tarixi perspektivi də başa düşmək və qəbul etmək lazımdır: “Yeri gəlmişkən, mən bu barədə müharibədən əvvəl demişəm. Yəni əgər Ermənistan rəhbərliyi qüvvələrin – həm hərbi, həm siyasi, həm iqtisadi, həm demoqrafik qüvvələrin nisbətini ayıq başla qiymətləndirsəydi, düzgün qərar qəbul edərdi. Bizim qüvvəmiz isə yalnız artacaq. O cümlədən, əhalimiz də. Ermənistan isə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Burada obyektiv olaraq başqa hal, sadəcə, mümkün deyil. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Lakin indi həmin kisə, deyərdim ki, balaca bir torbaya çevrilib. Vəssalam. Onlar yaxşı başa düşməlidirlər ki, hansısa “arsax” adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. Biz onları Azərbaycan vətəndaşları hesab edirik, onların beynini yeyiblər. Bu gün Yerevanda yenidən hakimiyyətə gəlməyə çalışanlar həmin hərbi canilərdir. Xalqın beynini yeyən onlardır. Onlar özləri orada yaşamır, müharibə vaxtı da orada yox idilər, qaçmışdılar, Sarqsyan da, Koçaryan da, Ohanyan da. Uşaq qatilləri, Xocalı qatilləri kimi döşlərinə taxdıqları qəhrəman medalları haradadır? Onlardan biri Şuşada, ikisi Xankəndidə doğulub. Bəs nə üçün doğulduqları yerləri müdafiə etmədilər? Müdafiə edəydilər! Yaxud indi. Qoy getsinlər, burunlarını oraya soxsunlar. Baxarıq, onlar oradan salamat çıxacaqlarmı? Bilirsinizmi, bu insanları, azərbaycanafobiyanın, Azərbaycana qarşı bu təbliğatın qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənnimcə, zaman ən yaxşı təbibdir. Bu, mənim sözlərim deyil. Bunu çoxları deyib. Yaraların sağalması, anlaşma yaranması üçün vaxt lazımdır. Ermənistanda bunu anlamalarından ötrü vaxt lazımdır ki, Azərbaycanı iblis şəklində təqdim etməklə bağlı göstərdikləri bütün cəhdlər, ilk növbədə, onların özləri üçün səmərəsizdir”.
Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki xristian məbədlərinin ziyarət edilməsi məsələsinə də toxunub: “Dini abidələrə gəldikdə isə biz bütün dini abidələri qoruyuruq, onları dövlət qoruyur, biz bərpa edirik. Biz müharibə dövründə Qəbələ rayonunun Nic qəsəbəsindəki xristian məbədini bərpa edəndən sonra onun açılışını etdik. İşğaldan azad edilmiş ərazilərdəki xristian dini və mədəni abidələrinə gəldikdə isə, heç kəsin şübhəsi olmamalıdır ki, onlar layiqincə qorunacaq. Yeri gəlmişkən, erməni zəvvarlar Kəlbəcər rayonundakı qədim Xudavəng alban məbədini sərbəst ziyarət edə bilərlər. Biz şərait yaratmışıq və həmin məbədin mənsub olduğu Azərbaycan udi icması və məbədi erməniləşdirməyə cəhd göstərən ermənilər də onu ziyarət edirlər. Beləliklə, gələcəkdə burada problem olmayacaq. Mən buna əminəm”.