Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gilyermo Aliaqanın təşəbbüsü ilə Konqres tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Unikal.org-a verilən məlumata görə, sənəddə 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının qətlə yetirildiyi, bu soyqırımının beynəlxalq səviyyədə dəfələrlə qınandığı, bu xüsusda, 2013-cü ildə Peru Konqresi tərəfindən də rəsmi qaydada tanındığı bildirilir.

Azərbaycan üçün ağrılı bir səhifə olan Xocalı faciəsinə Perunun da laqeyd qala bilmədiyi qeyd olunur və bu amansız qətliamın bir daha heç bir dövlətin tarixində təkrarlanmaması, eləcə də dünyada azadlıq, ədalət və həmrəyliyin bərqərar olması üçün xalqlarımızın birgə çalışmalı olduğu deyilir.

Sonda Xocalı soyqırımının 29-cu ildönümü və bu qanlı faciənin qurbanlarının yad edilməsi ilə bağlı qardaş Azərbaycan xalqına başsağlığı ifadə olunur.