Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır.
Unikal.org xəbər verir ki, bu barədə İranın Mehr agentliyinin fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından hazırladığı xəbərdə əks olunub.
Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev konfrans zamanı Qarabağ müharibəsindən sonra İranla Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə İranın Mehr xəbər agentliyinin sualını cavablandırıb.
Tehran-Bakı əlaqələrinin perspektivləri və İranın Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirakı və regionun stabilləşməsində, regionda yaşayan insanların rifahının təmin edilməsində iki ölkənin əməkdaşlığının əhəmiyyəti ilə bağlı suala cavab verən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-İran əməkdaşlığı çox yaxşı səviyyədədir:
“Bilirəm ki, İran şirkətləri dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olub. Burada əməkdaşlığımızla bağlı vacib məsələlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb”.
Prezident İlham Əliyev vurğulayıb ki, yeni vəziyyətlə əlaqədar çoxlu imkanlar var: “Biz İranla dövlət sərhədimizi bərpa etmişik, onun 132 kilometrlik hissəsi işğal səbəbindən bizim nəzarətimizdə deyildi. Bu gün isə artıq biznes üçün yeni imkanlar açılır. Buraya nəqliyyat və kənd təsərrüfatı da daxildir. Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır.”