İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə” qəbul olunub.

Unikal.org xəbər verir ki, sənəddə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.

Qətnamədə Ermənistan və Azərbaycan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq məqsədilə 9 noyabr tarixində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən üçtərəfli Bəyanatın imzalandığı və sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə hər üç tərəfin nümayəndələri arasında, o cümlədən yüksək siyasi səviyyədə nəqliyyat və kommunikasiya mövzuları da daxil olmaqla bir neçə dəfə müzakirələrin keçirildiyi qeyd olunub.

Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub, Azərbaycan tərəfində saxlanılan ermənilərin məhz 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra həbs olunduğu vurğulanıb.

Sənəddə İtaliya hökumətindən BMT, ATƏT və Avropa İttifaqının 9 noyabr 2020-ci il tarixli Bəyanatın bütünlüklə icra olunmasına yönəlmiş təşəbbüslərini dəstəkləməsi və həbs edilmiş bütün müharibə əsirlərinin azad edilməsinə çağırış etməsi istənilib. Habelə İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki hökumətlə ikitərəfli səviyyədə də iş aparması tapşırılıb.

Eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.

Xatırladaq ki, İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında 18 noyabr 2020-ci il tarixli qətnaməsində 1993-cü ildən Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın digər ətraf yeddi rayonunu da işğal etdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı qarşıdurmanın dayandırılması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, eləcə də tərəflər arasında danışıqların başlanılmasına çağıran dörd qətnamənin qəbul edildiyi vurğulanıb və Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən 9 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması alqışlanaraq Tərəflər, bu Bəyanatdan irəli gələn digər bütün öhdəliklərə əməl etməyə çağırılıb.