Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib. İclasda təşkilata üzv olan ölkələrin dövlət və hökumət başçıları iştirak edib.

Unikal.org xəbər verir ki, Zirvə toplantısına sədrlik edən Pakistanın baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamlayıb və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdırıb.

"Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm", - o vurğulayıb.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd edib. Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.