Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.
DGK-dən Unikal.org-a verilən məlumata görə, görüşdə komitənin aidiyyəti strukturlarının əməkdaşları və Rusiyanın ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix iştirak ediblər.
Görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin daim artdığını qeyd edən Səfər Mehdiyev gömrük orqanlarının da bu sahəyə mühüm töhfə verdiyini vurğulayıb.
Səfər Mehdiyev cari ildə də iki ölkə arasındakı ticarət dövriyyəsinin artacağına, əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan-Rusiya sərhədində inşa olunan “Xanoba” gömrük postunun ilin sonunadək istifadəyə veriləcəyinə ümid etdiyini bildirən Səfər Mehdiyev, bununla da iki ölkə arasında sərhədkeçmə proseslərinin sürətlənəcəyini, tranzit daşımaların həcminin artacağını, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacağını vurğulayıb.
Mixail Boçarnikov Azərbaycan-Rusiya münasibətlərindən məmnunluqla danışıb və Dövlət Gömrük Komitəsi sədrinin iki ölkənin gömrük orqanlarının fəaliyyəti və həmin fəaliyyətin qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşdüyünü bildirib.
Səfir cari ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin artacağına, gömrük məsələləri üzrə müşavir Georgiy Pesçanskixin fəaliyyətə başlamasının gömrük orqanları arasındakı münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Rusiyanın ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix Azərbaycan gömrükçülərinin bilik və peşəkarlıq səviyyəsindən məmnunluqla bəhs edib, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikirlərini bölüşüb.